İlham Əliyev: “Qaranlıq gecələr hamının yadındadır”
“Bəzi hallarda mənə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri çox müsbət mənzərə təqdim etməyə çalışırlar. Reallıq ondan ibarətdir ki, bölgələrdə elektrik enerjisi ilə bağlı vəziyyət istədiyimiz səviyyədə deyil. Düzdür, biz indi böyük enerji gücləri, elektrik stansiyaları yaratdıq.”
Bunu Prezident İlham Əliyev aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında yekun nitqində deyib.
Prezident bildirib ki, son illər ərzində yaratdığımız enerji potensialı bütün sovet dövründə yaradılan potensialdan böyükdür, ondan çoxdur. Nə qədər elektrik stansiyaları yaradıldı. Onlar olmasaydı, indi bizim iqtisadi, sənaye inkişafımız mümkün olmazdı. Yəni, biz diqqəti bu sahəyə yönəltdik ki, generasiya güclərini yaradaq.
Dövlət başçısı “Barmek” dövrünün çoxlarının yadından çıxdığını da xatırladıb: “Barmek” Azərbaycanı nə günə salmışdı?! “Bakıelektirkşəbəkə” o təsərrüfatı öz üzərinə götürənə qədər “Barmek”in təsərrüfatı nə gündə idi?! O günlər çox yaxşı ki, hamının yadından çıxıb. Amma o qaranlıq gecələr hamımızın yadındadır. Yəni, gənc nəsil yəqin ki, bunu xatırlamır, heç xatırlamasa yaxşıdır.”
İ.Əliyev bölgələrdə insanlarla görüşlər əsnasında onların xahişlərini, problemlərini dinlədiyini söyləyib: “Onlar deyirdilər ki, tez-tez işıqlar sönür, tez-tez işıqsız qalırıq. Azərbaycan kimi ölkədə belə vəziyyət dözülməzdir. Ona görə görəndə ki, bu inzibati tədbirlər səmərə vermir, biz struktur islahatlarına keçdik. Əminəm ki, “Azərişıq” yaxın zamanlarda bütün şəhər və rayonlarımızda elektrik enerjisi ilə təminatı Bakının səviyyəsinə qaldıracaq. Bu, çox ağır, çətin işdir. İndi böyük səylər göstərilməlidir.”