Azərbaycan prezidenti İlham Əliyev mayın 30-da Səudiyyə Ərəbistanı Krallığının Xarici İşlər Nazirliyinin ərəb körfəzi məsələləri üzrə dövlət naziri Tamir bin Sübhan Əs-Sübhanı qəbul edib.
Yenicag.az-ın xəbərinə görə, Tamir bin Sübhan Əs-Sübhan İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarını dövlətimizin başçısına çatdırıb
Tamir bin Sübhan Əs-Sübhan onların adından qrafikinin gərgin olmasına və ölkəmizdə IV İslam Həmrəyliyi Oyunlarının keçirilməsinə baxmayaraq, Ər-Riyad şəhərində keçirilən Ərəb-İslam-Amerika Sammitində iştirakına görə prezident İlham Əliyevə minnətdarlıq ifadə etdi, son dövrdə bir neçə dəfə Bakıda olmasından məmnunluğunu bildirib.
Səudiyyə Ərəbistanı Krallığının XİN-in ərəb körfəzi məsələləri üzrə dövlət naziri ölkələrimiz arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini və hər iki ölkənin rəhbərliyinin bu münasibətlərin genişlənməsinə böyük əhəmiyyət verdiyini söyləyib. “Biz istəyirik ki, əlaqələrimiz inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə qalxsın”, – deyə Tamir bin Sübhan Əs-Sübhan bildirərək, yüksək səviyyəli qarşılıqlı səfərlərin, həmçinin xalqlarımız arasında səfərlərin artmasını arzuladıqlarını vurğulayıb.
İlham Əliyev qeyd edib ki, Sammitdən Bakıya qayıdandan sonra, ABŞ prezidenti Donald Trampın ilk rəsmi səfərini müsəlman ölkəsinə – Səudiyyə Ərəbistanı Krallığına həyata keçirməsi bütün müsəlman aləminə olan hörmətin təzahürü olduğunu bildirib. Dövlət başçısı Sammitin çox yaxşı keçdiyini və Azərbaycanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğunu vurğulayıb. Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarına toxunan prezident İlham Əliyev bu Oyunları müsəlman ölkələri arasında həmrəyliyin və birliyin gücləndirilməsi üçün önəmli hadisə kimi dəyərləndirib. Dövlət başçısı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında əlaqələrin uğurla inkişaf etdiyini və gələcəkdə daha da sürətlə inkişaf edəcəyinə əminliyini bildirib.
Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudun və onun varisinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Səudiyyə Ərəbistanının Kralına və onun varisinə çatdırmağı xahiş edib.
www.yenicag.az