!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İlham Əliyev Türkiyənin yeni səfirinin etimadnaməsini qəbul etdi - YENİLƏNDİ 2

!Reklam – Yazi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Türkiyə Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Cahit Bağçının etimadnaməsini qəbul edib.

Yenicag.az xəbər verir ki, səfir Cahit Bağçı etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.

Sonra səfirlə söhbət edən Azərbaycan Prezidenti İlham Əliyev dedi:

– Xoş gəlmisiniz, sizi salamlayıram. Əminəm ki, Azərbaycanda günləriniz xoş keçəcək. Əslində, vətəninizdəsiniz və əminəm ki, burada özünüzü evinizdəki kimi hiss edəcəksiniz.

Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı bu gün ən yüksək zirvədədir və bütün məsələlərdə biz hər zaman bir-birimizin yanındayıq. İkinci Qarabağ müharibəsi bunu bütün dünyaya bir daha göstərdi ki, Türkiyə-Azərbaycan bir yerdədirlər və əziz qardaşımın, hörmətli Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilk saatlardan bizi ruhlandırdı. Çünki müharibənin ilk saatlarından başlayaraq Türkiyə və onun Cümhurbaşqanı bizə mənəvi və siyasi dəstək vermişdir. Bu mənəvi və siyasi dəstək müharibənin son gününə qədər göstərildi. İkinci Qarabağ müharibəsində Qələbəmiz əlbəttə ki, bölgədə yeni bir reallıq yaratdı. Türkiyə və Azərbaycan bölgədə öz imkanlarını genişləndirdilər, bizim rolumuz, təsir imkanlarımız artdı və artacaq. Birgə həyata keçirdiyimiz bütün layihələr, təşəbbüslər bölgədə sabitliyin, sülhün təmin edilməsi üçün önəmli rol oynayır.

Bizim əlaqələrimiz haqqında saatlarla danışmaq olar, siz bütün bunları yaxşı bilirsiniz. Əlaqələrimizin təməlində xalqlarımızın qardaşlığı və liderlərin siyasi iradəsi dayanır. Türkiyə və Azərbaycan iki qardaş ölkə kimi bundan sonra da bütün məsələlərdə bir-birini dəstəkləyəcək, bütün məsələlərdə bir-birinin yanında olacaq və öz əməli işləri, addımları ilə yaşadığımız bölgədə sülhün bərqərar olmasında səylərini davam etdirəcəklər.

Mən əminəm ki, siz fəaliyyətiniz müddətində bu əlaqələrin daha da inkişaf etməsi üçün öz səylərinizi göstərəcəksiniz. Sizə uğurlar arzulayıram və “Azərbaycana – Vətəninizə xoş gəlmisiniz!” deyirəm.

Səfir Cahit Bağçı dedi:

-Xoş gördük, cənab Prezident. İlk növbədə, məni qəbul etdiyiniz üçün təşəkkür edirəm, Zati-alinizi və hörmətli birinci xanımı salamlayıram.

Cənab Prezidentimizin Sizə salamları və ehtiramı var. Zəfəriniz mübarəkdir, təbrik edirik. İnşallah, mən fəaliyyət dönəmimdə əlaqələrimizin daha da inkişafına, daha da irəli aparılmasına səy göstərəcəyəm. Çox təşəkkür edirəm.

www.yenicag.az

667
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv