Finlandiya ilə Azərbaycan arasında çox bənzərlik var. Hər iki ölkə 100 il öncə müstəqillik qazanıb. Hər iki ölkə və xalq xarici işğaldan əziyyət çəkib, uzun illər istismar altında yaşayıb. Hər iki xalq həm də cəhalətdən əziyyət çəkib. Bəli, doğru oxudunuz, cəhalətdən.
Bəlkə də Finlandıyanın nə vaxtsa çox cahil bir xalqının olduğunu təsəvvür etmək belə çətindir. Amma olub. 100 il öncəyədək belə idi. Finlər cahil idi. Ona görə yox ki, qabiliyyətsizdirlər. Ona görə ki, həddən artıq ürəyi təmiz, saf insanlardırlar. İşğal altında yaşadıqları zaman başlarına ağa kəsilmiş isveçlər onları ikinci növ insanlar kimi görür, daim aşağılayır və maariflənmələrinə açıq şəkildə mane olurdular.
Bizdə olduğu kimi, onlarda da 19-cu yüzildə millətin sabahını düşünən aydınlar bütün çətinliklərə baxmayaraq maariflənməyə könül verməsəydi, bəlkə də Finlandiya indi dünyanın ən yüksək rifaha sahib ölkəsi olmazdı.
Finlandiya həm də ona görə bugünkü zirvəyə yüksəlib ki, bu ölkə müstəqilliyin ən məsul dönəmində ağıllı siyasətçilər tərəfindən idarə edilib. Elə siyasətçilər ki, onlar xarabalıq üzərində cah-cəlalı, ehtişamıyla seçilən bir dövlət qurublar.
Müstəqillik dönəmi Finlandiyasının ən yaddaqalan siyasət adamlarından biri, çox zaman da birincisi Urho Kekkonen olub. Və yəqin ki, tarix boyu belə də qalacaq.
Niyə?
Çünki bu şəxs həyata keçirdiyi uzunmüddətli islahatlarla bugünkü Finlandiyanın əsas təməllərini atmış liderdir.
Qısa olaraq qeyd edək ki, Urho Kekkonen 2-ci dünya savaşından sonra bərpa olunmağa, ayaqda durmağa çalışan Finlandiyanın bütün problemlərini həll etmiş liderdir. 1956-cı ildə ilk dəfə prezident seçilənədək o, xarici işlər, ədliyyə naziri, parlament sədri və baş nazir kimi ölkəsinə xidmət edib. Prezident seçildikdən sonra isə səlahiyyətlərini və təsir imkanlarını genişləndirərək ölkəsində köklü islahatlar aparıb. Buna görə də xalq ona təkrar-təkrar etimad göstərib, düz 1982-ci ilədək 4 dəfə ölkəsinin rəhbəri vəzifəsinə seçilib. Xəstəliyi olmasa və ömür vəfa etsəydi yəqin ki, 26 il deyil, daha uzun müddətə prezidentlik edəcəkdi.
Kekkonenin idarə etdiyi dönəm bugünkü çiçəklənən və dünyanın ən rahat ölkəsi hesab edilən Finlandiyada böyük islahatların təməllərinin atıldığı dönəmdir. Ən maraqlısı isə odur ki, fin xalqı bu lideri getdikcə daha çox sevmiş, onun islahatlarını dəstəkləmiş, güvənərək işlərini başa çatdırmasına imkan vermişdir. Nəticə isə, göründüyü kimidir. Yəni o xalqın təmkinli yanaşması, liderin uzaq gələcəyə hesablanmış islahatlarına güvənməsi özünü doğrultmuşdur.
Bu gün Azərbaycanda da ən uzunmüddətli prezident iş başındadır. Finlandiyada olduğu kimi bizim də ölkəmizdə ciddi və nəzərəçarpan islahatlar gedir. Özü də bu islahatların nəticələrini sadəcə sabah deyil, elə indidən müşahidə edə bilirik. Gözümüzün önündə Azərbaycan büsbütün dəyişib. Ölkə bir zamanların bərbad, tozlu, qarmaqarışıq məkanından alışıb yanan, öz ehtişamıyla dünyada ad çıxaran bir məmləkətə çevrilib.
Azərbaycanda köklü islahatların təməlini 1993-cü ildə təkrar hakimiyyətə gəldikdən sonra ulu öndər Heydər Əliyev atmışdı. Amma o dövrün gerçəklikləri, özəlliklə də iç və dış düşmənlərin birgə hücumları islahatları sürətləndirməyə imkan vermirdi. Bununla belə dövrümüzün ən dəyanətli və qətiyyətli lideri kimi yaddaşlara hopmuş Heydər Əliyev heç nədən çəkinmədən sabahımız üçün ən möhkəm təməlləri atmağı bacardı.
2003-cü ildən sonra isə Prezident İlham Əliyev estafeti qəbul edib o təməllər üzərində çox möhkəm bir Azərbaycan quruculuğuna könül verdi. Qeyd etdiyim kimi, nəticə özünü çox gözlətmədi. Bakıdan başlanan, az müddətdə bütün ölkəyə yayılan islahatlar Azərbaycanın simasını büsbütün dəyişdi.
İndi Azərbaycan bu islahatların sonucunda heç kimdən asılı olmayan, öz ayaqları üstündə durmağı bacaran, müstəqil siyasətilə seçilən bir ölkəyə çevrilib.
İslahatlar hər sahədə özünü göstərib və göstərməyə davam edir.
Ölkə az qala 100 faiz qazla təmin edilib. Bir zamanlar ikidə bir sönməsindən əziyyət çəkdiyimiz elektriklə bağlı nəinki problem yoxdur, üstəlik bu məhsulu ixrac belə edirik.
Yollarımız abadlaşdırılıb. Ölkə başdan-başa yol şəbəkəsilə təmin edilib. Artıq sıra kəndarası yollardadır.
Yeni zavodlar, fabriklər tikilib, hər il yüz minlərlə iş yerləri açılıb və açılmağa davam edir.
Yoxsulluq və işsizlik inkişaf etmiş Avropa ölkələrinin belə həsəd aparacağı səviyyəyə endirilib.
Prezident İlham Əliyev dünya liderləri arasında ən nəzərəçarpan, haqqında ən çox danışılan lider kimi ölkəsini ən populyar ölkəyə çevirə bilib.
İndi Azərbaycana şübhəli yanaşanlar qalmayıb. Ölkəmizlə münasibət qurmaq, işbirliyi içində olmaq Amerikadan Asiyaya, Afrikadan Avropaya qədər hər qitədə arzuolunandır.
Azərbaycan elə bir dövlətdir ki, bölgəmizlə bağlı qərarlar veriləndə bizim fikrimiz mütləq nəzərə alınır.
Hələ bundan əlavə ABŞ və Rusiya kimi dünya nəhəngləri hərbi müzakirələrini gerçəkləşdirmək üçün məkan olaraq Bakını seçir.
Bir sözlə, Azərbaycan da Finlandiya kimi müstəqillik dönəmində özünə hörməti bərpa edib, qətiyyətli müstəqil siyasət yürüdür.
Finlandiya buna görə Urho Kekkonenə borcludursa, Azərbaycan da İlham Əliyevə borcludur.
Finlandiya islahatlarına könül verdiyi Urho Kekkoneni 4 dəfə ard-arda prezident seçmiş və bundan qazanmışdısa, Azərbaycan da İlham Əliyevi 4-cü dəfə seçməklə islahatların tamamlanmasına, qalan problemlərin də qısa müddətə həll edilməsinə yol açmış olacaq.
Şübhə yox ki, elə belə də olacaq.
Çünki İlham Əliyev Azərbaycan siyasətində rəqibi olmayan tək liderdir. Bu gün ölkədə istər müxalifət, istərsə də iqtidar komandasında onunla ayaqlaşa biləcək, siyasət meydanında üz-üzə gələcək heç kim yoxdur.
Belə bir durumda onun qərar verməsi, seçkini 6 ay öncə gerçəkləşdirmək istəməsi heç kimdə hansısa şübhələrə səbəb olmamalıdır və yəqin ki, olmayacaq da.
Amma bəzi cığal siyasət dəllalları dünəndən bəyanatlar verir, ictimai rəyi çaşdırmağa çalışırlar. Sanki bu adamlar 6 ay sonra keçiriləcəyi təqdirdə prezident seçkisində tam qüvvəylə iştirak edib nəyəsə nail olacaqlarmış…
Bu cür aldatmacalara yenilməmək lazım. Seçki elə bir siyasi prosesdir ki, ona elan edildikdən sonra hazırlaşmırlar. Usta siyasətçilər seçkiyə hər an hazır durumda olurlar. Əksini heç kim iddia edə bilməz.
2015-ci ilin prezident seçkisi başa çatdıqdan dərhal sonra bütün siyasi qüvvələr növbəti (və hətta növbədənkənar) prezident seçkisinə hazırlığa başlamalı idilər. İndi kimlərsə uzaqgörən olmayıb, bunu ağlına gətirməyibsə Prezident İlham Əliyev nə etsin?
Haşiyə: “Düşünürəm ki alternativlərin şanslarının yetərli olmadığı indiki şəraitdə və qarşıdakı 5 ayda da bu şansların seçkinin nəticələrinə təsir edəcək dərəcədə yüksələcəiyini gözləmək üçün ciddi əsasların olmadığı bir şəraitdə seçkilnin 5 ay tez və ya gec keçirilməsi elə bir siyasi əhəmiyyət kəsb etmir. Əslində alternativlər normalda 5 il ərzində seçkiyə hazırlaşırlar və ya hazırlaşmalıdırlar. Bu baxımdan düşünürəm ki, ölkədə mövcud sosial-iqtisadi problemlərin aradan qaldırılması üçün, son dövrlərdə müəyyən qədər zəifləyən icra intizamının və dövlət nəzarətinin gücləndirilməsi üçün, yeni qüvvələrin dövlət idarəetməsinə cəlb edilməsi, islahatların sürətləndirilməsi üçün #11Aprel variantı daha məqbulur.” (Osman Gündüzün Facebook statusundan)
Demək istədiyimiz odur ki, Azərbaycanda böyük siyasi prosesə və sabahın uğurlarına hesablanan prezident seçkisinə başlanılıb. Çox qısa müddətdə – 2 ay içində proses ölkəmiz və xalqımız üçün uğurla sonuclanacaq. Bizsə xalq olaraq Azərbaycanda islahatların və çiçəklənmənin daha üstün bir mərhələsinə hazırlaşa bilərik. Əlbəttə ki, İlham Əliyevin prezidentliyi ilə.
Azər HƏSRƏT
Azər HƏSRƏT, [email protected]
www.yenicag.az