Bildiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxış edib. O, çıxışında əsasən, Dağlıq Qarabağ probleminə toxunaraq, BMT-nin 24 il əvvəl qəbul etdiyi 4 qətnaməsinin bu günə qədər yerinə yetirilmədiyini bir daha diqqətə çatdırdı. Eyni zamanda, bu səfər çərçivəsində Azərbaycan prezidenti və onun xanımı ABŞ Prezidenti Donald Trampla xanımının adından təşkil olunmuş qəbulda iştirak ediblər.
Azərbaycan Prezidentinin çıxışını və ABŞ-dan olan həmkarı ilə görüşünü Yenicag.az-a şərh edən politoloq Elşən Manafov həmin təmasların ölkəmiz üçün mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırdı:
“Azərbaycan Prezidentinin ABŞ-a olan bu səfəri bir daha göstərdi ki, Bakı ilə Vaşinqton arasında münasibətlər əvvəllər olduğu kimi qarşılıqlı anlaşma prinsipləri üzərində qurulub. Tərəflər bir-birinin maraqlarına anlaşılan tərzdə yanaşırlar. Güman edirəm ki, bu mənada İlham Əliyevin Nyu-Yorka olan səfəri regional və qlobal təhlükəsizlik problemlərinin həllində maraqlı olan dövlətlər tərəfindən diqqətlə izlənilib. Azərbaycan prezidenti BMT-dəki çıxışı zamanı tribunanın ona verdiyi imkanlardan istifadə edərək, növbəti dəfə Ermənistanın təcavüzkar siyasətinin mahiyyətinə açıqlama gətirdi. Tərəflərdən Ermənistanın mövqeyinə beynəlxalq hüquq normaları kontekstində qiymət verilməsini tələb etdi. Haqlı olaraq, Ermənistanın təcavüzkar mövqedə dayanması və indiyə qədər münaqişənin öz həllini tapmamasının İrəvanın qeyri-konstruktiv mövqe sərgiləməsindən irəli gəldiyini deməklə BMT tribunasından dünya liderlərinə ciddi mesajlar verdi. Düşünürəm ki, bu açıqlamalardan sonra hər halda Qarabağ həqiqətlərinin növbəti dəfə beynəlxalq birliyin diqqətinə çatdırılması kontekstində Azərbaycan diplomatiyası ciddi uğura imza atdı. Fikrimcə, prezidentin bu açıqlamaları perspektivdə münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə töhvə verəcək. Həmin çıxışın münaqişə ətrafında gedən danışıqlara dinamizm verəcəyini də istisna etmirəm. Ən əsası odur ki, Bakı-Vaşinqton münasibətlərində heç bir ciddi qarşıdurma, gərginlik yoxdur.
İlham Əliyevə ABŞ prezidenti və siyasi rəhbərliyi tərəfindən ən yüksək səviyyədə göstərilən münasibət, prezidentimizin şərəfinə verilən qonaqlıq bir daha göstərdi ki, regional layihələrin reallaşmasında Azərbaycan hakimiyyətinin mövqeyi mütləqdir. İstər Qərb, istərsə də Rusiya Azərbaycanın regiondakı rolu və imkanlarını düzgün qiymətləndirir. Xüsusən Qərbdə anlayırlar ki, Avropanın enerji təhlükəsizliyində ciddi əhəmiyyət kəsb edən məlum kəmərlər Bakının müsbət mövqeyi olmadan həllini tapa bilməzdi. Danışıqlar bir daha göstərdi ki, Azərbaycan ABŞ tərəfindən etibarlı əməkdaş və partnyor kimi qəbul edilir. Bu görüş tərəflər arasındakı növbəti danışıqların baş tutması, münasibətlərin daha da genişlənməsinə öz töhvəsini verəcək”.
ELÇİN
www.yenicag.az