Aydın Mirzəzadə: “Azərbaycan artıq dünyada tanınan, qəbul edilən və təcrübəsi öyrənilən nüfuzlu ölkələrdən biridir”
Azərbaycan ilk dəfə olaraq ən yüksək səviyyədə “G-20”-in Antalyadakı sammitində iştirak etdi. Hətta president İlham Əliyev də çıxış edərək, müxtəlif məsələlərə münasibət bildirdi. Bundan başqa o bir sıra ölkələrin burada olan rəhbərlərilə də təmaslar qurdu. Görəsən, burada iştirakımızın Azərbaycan üçün hansı əhəmiyyəti vardır?
Məsələ ilə bağlı Yenicag.az-a açıqlama verən millət vəkili Aydın Mirzəzadənin fikrincə, sözügedən sammitdə Azərbaycanın da iştirak etməsi ölkəmizin dünya miqyasında nüfuzunun, mövqeyinin daha da güclənməsi baxımından mühüm əhəmiyyətlidir: “Böyük İyirmi”lərin sammiti dünya miqyasında çox əhəmiyyətli bir siyasi hadisədir. Çünki akual məsələlərin müzakirə edilməsi, dünyanın nüfuzlu dövlət rəhbərlərinin bir-birilə görüşərək bir sıra məsələlər barədə ortaq məxrəcə gəlmələri həmin forum çərçivəsində baş verir. Foruma ev sahibliyi edən Türkiyəyə bu dəfə 34 ölkə və beynəlxalq təşkilat rəhbəri gəlmişdi. Onlardan birinin Azərbaycan olması təkcə Türkiyə ilə münasibətlərin yüksək səviyyədə olması demək deyildir. Bu eyni zamanda, Azərbaycanın artan nüfuzu deməkdir. Azərbaycan bundan əvvəl də “Böyük İyirmi”liyin sammitində bir neçə ölkəyə xüsusi dəvət edilmiş qonaq kimi dəvət edilib. Çində keçiriləcək növbəti sammitdə də ölkəmizin iştirakı tamamilə gözlənilən bir hadisədir. Hesab edirəm ki, Azərbaycanın belə bir forumda iştirakı onun artan nüfuzu, mövqeyinin dünyaq tərəfindən qəbul edilməsidir. Azərbaycanın dövlətçilik prosesində, iqtisadi inkişafda, əhalinin social problemlərinin həllində əldə etdiyi nailiyyətlərə yüksək qiymət verilməsidir. Forumda Azərbaycan prezidenti cənab İlham Əliyevin çıxışı da böyük maraqla qarşılandı. Azərbaycan prezidenti ölkəmizin Ermənistan tərəfindən işğala məruz qalması faktını önə çəkdi. Azərbaycanın anti-terror əməliyyatlarına ilk qoşulanlardan biri olduğunu göstərdi. Ermənistan tərəfindən vaxtilə terrora məruz qaldığımızı, 2 minə qədər vətəndaşımızın öz həyatını itirdiyini diqqətə çatdırdı. Eyni zamanda, forum çərçivəsində iştirakçı ölkə rəhbərlərilə də çoxsaylı görüşlər keçirdi. Birmənalı şəkildə deyə bilərik ki, Azərbaycan artıq dünyada tanınan, qəbul edilən və təcrübəsi öyrənilən nüfuzlu ölkələrdən biridir”.
Elçin/Yenicag.az
www.yenicag.az