Qızıl bazarında GÖZLƏNTİ: "Yaxın dövrdə qiymətlər..."
“Mövcud iqtisadi şərait davam edərsə, qızılın qiymətinin yaxın dövrdə hazırkı səviyyədən təxminən 5 faiz aşağı və ya yuxarı istiqamətdə dəyişərək məhdud diapazonda hərəkət edəcəyi gözlənilir”.
Bunu Yenicag.az-a açıqlamasında “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavini, iqtisadçı Rövşən Əmircanov deyib.
O, qızıl bazarında mövcud vəziyyət və qiymət gözləntilərini şərh edib:
“2026-cı ilin ilk yarısında qızıl bazarında yüksək dəyişkənlik və əhəmiyyətli qiymət korreksiyası müşahidə olunub. İlin əvvəlində bir unsiya üzrə 5 000 ABŞ dollarını ötərək tarixi maksimum səviyyələrə çatan qızılın qiyməti sonrakı dövrdə həmin göstəricidən təxminən 28 faiz aşağı düşüb. Bununla belə, 2026-cı ilin ilk altı ayı üzrə ümumi ucuzlaşma cəmi 7 faiz təşkil edib. Bu isə qiymətlərdəki azalmanın əsasən ilin əvvəlində qeydə alınmış sürətli bahalaşmadan sonra baş verdiyini göstərir.
Müşahidə olunan korreksiyaya baxmayaraq, qızıl son 12 ay ərzində təxminən 33 faiz gəlirlilik nümayiş etdirərək ən gəlirli aktivlərdən biri olaraq qalır. Hazırda qızılın qiyməti əsasən bir unsiya üzrə 4 000–4 050 ABŞ dolları intervalında dəyişir. Bazar iştirakçııarı tərəfindən qiymətlərin bu diapazonda hərəkəti tarixi yüksəlişdən sonrakı sabitləşmə mərhələsi kimi qiymətləndirilir”.
Ekspert qısamüddətli dövrdə ABŞ Federal Ehtiyat Sisteminin faiz siyasəti, inflyasiya gözləntiləri və ABŞ dollarının möhkəmlənməsini qızılın qiymətinə əsas təzyiq göstərən amillər kimi dəyərləndirib:
“Faiz dərəcələrinin yüksək səviyyədə saxlanılması və ya artırılması ehtimalı investorların faiz gəliri gətirməyən qızıla marağını müəyyən qədər azalda bilər.
Eyni zamanda, geosiyasi risklərin artması, faiz dərəcələrinin aşağı salınacağına dair gözləntilərin güclənməsi, qlobal iqtisadi artımla bağlı narahatlıqlar və mərkəzi bankların davamlı qızıl alışları qiymətlərin yenidən yüksəlməsinə səbəb ola bilər. Xüsusilə Asiya bazarlarında investorların qiymət enişlərindən istifadə edərək alışları artırmasının qızılın qiymətinə mühüm dəstək verəcəyi gözlənilir. Şimali Amerika bazarlarında satışların üstünlük təşkil etdiyi dövrlərdə Asiya investorlarının alış mövqeyi qiymətlərin daha kəskin azalmasının qarşısını alan amillərdən biri kimi çıxış edir”.
R.Əmircanov ümumilikdə, qızıl bazarında ucuzlaşmanın dəqiq olaraq nə vaxtadək davam edəcəyini müəyyənləşdirməyin mümkün olmadığını vurğulayıb:
“Mövcud göstəricilər 2026-cı ilin ikinci yarısında qiymətlərin yüksək dəyişkənlik şəraitində əsasən məhdud intervalda hərəkət edə biləcəyini göstərir. Qızılın sonrakı qiymət dinamikası əsasən qlobal inflyasiya göstəricilərindən, aparıcı mərkəzi bankların faiz qərarlarından, geosiyasi proseslərdən və investor tələbinin səviyyəsindən asılı olacaq”.
Cəvahir













