Fevralın 21-də Romada Azərbaycan-İtaliya biznes forumu keçirilib.
Yenicag.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İtaliya Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Luici Di Mayo biznes forumda iştirak ediblər.
Dövlətimizin başçısı İlham Əliyev və nazir Luici Di Mayo biznes forumda çıxış ediblər.
***
Fevralın 20-də Romadakı Kuirinale Sarayında İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şərəfinə dövlət ziyafəti verilib.
Ziyafətdə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak ediblər.
Ziyafətdən əvvəl qarşılıqlı hədiyyələr təqdim olundu.
Azərbaycan və İtaliya rəsmi nümayəndə heyətlərinin üzvləri dövlət başçıları İlham Əliyevə və Sercio Mattarellaya, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya və İtaliya Prezidentinin qızı Laura Mattarellaya təqdim olundular.
Dövlət başçıları ziyafətdə çıxış etdilər.
Prezident Sercio Mattarellanın
çıxışı
-Cənab Prezident.
Xanım Birinci vitse-prezident.
Hökumət nümayəndələri.
Xanımlar və cənablar.
Dərin hörmət hissi ilə Sizə və xanımınıza İtaliyaya “Xoş gəlmisiniz!” demək istərdim. Azərbaycan Prezidentinin İtaliyaya ilk dövlət səfəri münasibətilə Sizi müşayiət edən nümayəndə heyəti ilə birlikdə qəbul etməkdən çox məmnunam. Xüsusilə də mənə Azərbaycanda göstərdiyiniz səmimi qonaqpərvərliyə görə minnətdaram. Parlaq xatırladığım Azərbaycan səfərimdən iki il sonra Sizin burada Prezident Sarayında olmağınız ölkələrimizi birləşdirən yüksək səviyyəli əlaqələrin əhəmiyyətli göstəricisidir. Sürətlə möhkəmlənən və şaxələnən bu münasibətlər mütəmadi və məhsuldar əlaqələrə təkan verərək yalnız qurumlar, hökumətlər və müəssisələr arasında deyil, həmçinin mədəni və akademik reallıqlar arasında da inkişafa səbəb olmuşdur.
Sizin səfəriniz Sovet İttifaqından tam ayrılma prosesinin başlanğıcını qoyan və yaddaşlardan heç zaman silinməyən, tarixin acı səhifəsi olan Qara Yanvar faciəvi hadisələrinin baş verdiyi tarixdən 30 il sonraya təsadüf edir. Müstəqilliyini bərpa etdikdən sonra üçüncü onillik ərəfəsində Azərbaycan regionun ən inkişaf edən ölkələrindən biri və mədəniyyətlər, etnik qruplar və fərqli dinlərin birgəyaşayış modeli kimi özünü təsdiq etmişdir. Burada kökləri keçən əsrin əvvəlində dünyada qadınlara seçki hüququ verən ilk ölkələrdən biri olan Azərbaycan Xalq Cümhuriyyətinin qısa, lakin çox əhəmiyyətli tarixi təcrübəsinə dayanan tolerantlıq nümunəsi və fərqlilik içində sülh şəraitində birgəyaşayışdan söhbət gedir.
Cənab Prezident, 25 ildən çoxdur ki, mövcud olan diplomatik əlaqələr çərçivəsində İtaliya və Azərbaycan arasındakı münasibətlər müstəsna inkişafa nail olmuşdur. Bu, həmçinin öz baxışlarını Avro-Aralıq dənizi məkanına yönəldən və balanslaşdırılmış geosiyasi mövqeyinə görə güclü olan Bakının seçimi sayəsində mümkün olmuşdur.
Azərbaycanın Xəzər dənizi və Aralıq dənizi arasında körpü rolu oynaması digər tərəfdən də bu gün Cənub Qaz Dəhlizinin tamamlanmasına güclü təsir edir. Belə ki, TAP layihəsinin yekunlaşması ilə Azərbaycan qazı İtaliyaya nəql ediləcək. Bu da Avropa İttifaqının enerji siyasətinin əsası olan marşrutların və mənbələrin şaxələndirilməsi üçün önəmli bir göstəricidir. Bu siyasəti xarakterizə edən seçimləri hər zaman dəstəkləyən İtaliya Brüssel ilə yeni tərəfdaşlıq sazişinin imzalanması vasitəsilə Azərbaycan və Avropa İttifaqı arasında əlaqələrin daha da möhkəmlənməsinə müsbət baxır. Eyni istiqamətdə Bakı və Atlantik Tərəfdaşlıq Şurası arasındakı Aralıq dənizi sahəsində bütün maraqlı ölkələr üçün həyati əhəmiyyətə malik olan və sabitləşməyə töhfə verən sərfəli əməkdaşlıq davam edir. Azərbaycan və Avropa arasında əlaqələrin möhkəmlənməsi fərqli mədəniyyətlər və dinlərin daha ahəngdar birgəyaşayışı üçün əlverişli şəraitin yaranmasına imkan verə bilər.
Cənab Prezident, Azərbaycan öz enerji ehtiyatları ilə keçən əsrdə dünyada gedən əhəmiyyətli modernləşmə prosesinin baş qəhrəmanı oldu. Bu gün İtaliya Respublikası Sizin rəhbərliyinizlə Azərbaycanın iqtisadi, mədəni və sosial inkişaf yolunda addımlamasına dərin hörmət hissi ilə baxır. Qlobal səviyyədə birinci ticari tərəfdaş kimi Roma Sizin idarəetməniz sayəsində başladılan iqtisadiyyatın şaxələndirilməsi prosesində Azərbaycan Respublikasının yanında olmaq niyyətindədir və ətraf mühitin qorunmasına yönəldilmiş texnoloji innovasiyalara açıq elmi və sənaye yenilikləri ilə töhfə verməyə hazırdır.
Bundan əlavə, illərdir ki, ölkələrimiz çoxtərəfli sahələrdə, xüsusən də ikitərəfli əməkdaşlığımızda əhəmiyyətli şəkildə seçilən energetika və sənaye sektorlarında, həmçinin mədəni və sosial əhəmiyyətli təşəbbüslər daxil olmaqla, bir sıra uğurlu əməkdaşlıqlara imza atmışdır.
Xüsusi məmnunluq hissi ilə qeyd etmək istərdim ki, italyan dili və mədəniyyəti artan marağa səbəb olur. Mən inanıram ki, elm, texnologiya və təhsil sahələrində bağlanmış sazişlər bizim xalqlarımız arasında mövcud olan qarşılıqlı anlaşmanı və dostluğu daha da gücləndirəcək.
Bu axşamkı konsert yalnız Azərbaycan yaradıcılığının qeyri-adiliyini deyil, həmçinin Azərbaycan və İtaliya arasında mövcud dərin mədəni oxşarlıqları bir daha sübut edir. Təsadüfi deyil ki, proqram İslam dünyasında ilk opera olan, keçən əsrin əvvəllərində Bakıda səhnələşdirilən və elə o dövrdən etibarən bizim mədəniyyətlərin yüksək sintezini ifadə edən, görkəmli bəstəkar Üzeyir Hacıbəylinin “Leyli və Məcnun” əsərinin məşhur bir parçası ilə başlayacaq.
Cənab Prezident, ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri geniş və dərin panoramaya malikdir. Sizin tarixi əhəmiyyətli dövlət səfəriniz də əminəm ki, bunu daha da gücləndirməklə strateji sektorlarda əməkdaşlığı inkişaf etdirərək Bakı və Roma arasında dostluğun təşviqinə töhfə verəcək.
Sizə, xanımınıza və Sizi müşayiət edən nümayəndə heyətinə bir daha “Xoş gəlmisiniz!” deyirəm.
Prezident İlham Əliyevin
çıxışı
-Hörmətli cənab Prezident.
Hörmətli xanım Laura Mattarella.
Hörmətli xanımlar və cənablar.
İlk növbədə, məni İtaliyaya dövlət səfərinə dəvət etdiyinizə, eləcə də mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə, cənab Prezident, Sizə minnətdarlığımı bildirirəm.
Azərbaycan və İtaliya arasında əlaqələrin zəngin tarixi vardır. Ən azı 30 min ildən artıq yaşı olan petroqliflərin yerləşdiyi və UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olunmuş Qobustan Dövlət Tarixi Qoruğu ərazisindəki qayalar üzərində Roma İmperiyası legionlarının bizim eradan əvvəl I əsrə aid latınca yazıları vardır. Bu yazılar Roma İmperiyası legionlarının Azərbaycan ərazisində olduğunu sübut edir. İtalyan səyyahı Marko Polo öz əsərlərində Azərbaycandan bəhs etmişdir. XV əsrdə Azərbaycan Ağqoyunlu dövləti ilə Venesiya Respublikası arasında siyasi, diplomatik əlaqələr qurulmuşdur. 1469-1478-ci illərdə Venesiya Respublikasının Azərbaycanda səfirliyi fəaliyyət göstərmişdir. Həmin dövrdə Azərbaycan ilə Neapol Krallığı arasında təmaslar mövcud olmuşdur. Müsəlman aləmində ilk parlament respublikası olan, 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Azərbaycan və İtaliya arasında diplomatik münasibətlər yaradılmışdır. İtaliyanın Bakıda diplomatik təmsilçiliyi fəaliyyət göstərmişdir. 1972-ci ildə Azərbaycanın paytaxtı Bakı və İtaliyanın Neapol şəhərləri qardaşlaşmış elan edilmişlər. Hazırda Azərbaycan və İtaliya arasında əməkdaşlıq bütün sahələrdə uğurla inkişaf edir.
Cənab Prezident Sercio Mattarellanın 2018-ci ildə Azərbaycana rəsmi səfəri əlaqələrimizin inkişafına mühüm töhfə vermişdir. Səfər zamanı Mehriban Əliyevanı və məni İtaliyanın yüksək dövlət ordenləri ilə təltif etməyinizi Azərbaycan və İtaliya arasında dostluğun inkişafına verdiyimiz töhfənin təzahürü kimi qiymətləndiririk.
Cənab Prezident, bu gün biz Sizinlə olduqca səmərəli görüş keçirdik. Bu görüşümüz zamanı müzakirə olunan məsələlər iki ölkə arasındakı münasibətlərin strateji mahiyyətini təsdiqləyir. Dövlət səfəri çərçivəsində 20-dən çox sənədin imzalanması nəzərdə tutulur. Onların sırasında Azərbaycan və İtaliya arasında “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”ni xüsusi olaraq qeyd etmək istərdim. Bu sənəd münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaqdır. “Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyannamə”də Azərbaycan və İtaliya bir-birinin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi bir daha təsdiqləyirlər. Sənəddə, həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bu prinsiplər əsasında həlli ilə əlaqədar birmənalı mövqe əks olunub. Bu prinsiplər BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul etdiyi və təcavüzkar Ermənistanın qoşunlarının Azərbaycanın işğal olunmuş bütün torpaqlarından çıxarılmasını tələb edən qətnamələri ilə uzlaşır. Uzun illərdir ki, Ermənistan Azərbaycanın ərazilərini işğal etmiş, etnik təmizləmə aparmış, bir milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Münaqişə beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır.
İqtisadi sahədə qarşılıqlı faydalı əməkdaşlığımız davamlı olaraq genişlənir, ticarət dövriyyəmiz yüksək səviyyədədir, İtaliya Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır. 2019-cu ildə İtaliya ilə ümumi ticarət dövriyyəmiz 6 milyard dollardan artıq olmuşdur. İtaliyanın Cənubi Qafqaz ölkələri ilə ticarətinin 92 faizi Azərbaycanın payına düşür. Uzun illərdir ki, Azərbaycan İtaliya istehlakçılarını xam neftlə təchiz edir. İtaliyada istehlak olunan neftin 17 faizi ölkəmizin payına düşür. Keçən il Azərbaycan İtaliyanın ən böyük xam neft təchizatçısı olub. Azərbaycanın təşəbbüsü ilə reallaşan və Avropanın ən böyük infrastruktur layihələrindən olan Cənub Qaz Dəhlizinin həyata keçirilməsində Azərbaycan İtaliya ilə sıx əməkdaşlıq edir. Cənub Qaz Dəhlizinin son seqmenti olan TAP yekunlaşmaq üzrədir.
Mədəniyyət sahəsində münasibətlərimiz uğurla inkişaf edir. 2012-ci ildə Romanın görkəmli Villa Borgeze parkında dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışı olmuşdur. Hazırda Azərbaycan Dillər Universitetində italyan dili tərcüməsi ixtisası və italyan dili mərkəzi fəaliyyət göstərir. İtaliya Avropada azərbaycanlı tələbələrin ali təhsil aldığı əsas ölkələrdən biridir.
İtaliya qədim sivilizasiyanın beşiyidir. İtalyan mədəniyyəti, incəsənəti, kino sənəti Azərbaycanda çox sevilir. Çoxlu sayda Azərbaycan vətəndaşı hər il İtaliyaya turistik səfərlər edir. Son üç il ərzində İtaliyadan ölkəmizə gələn qonaqların səfər dinamikasında 40 faizdən çox artım qeydə alınmışdır.
Hörmətli cənab Prezident və hörmətli xanım Laura Mattarella, ölkənizə və dost İtaliya xalqına əmin-amanlıq, inkişaf və tərəqqi arzulayıram.
***
Fevralın 20-də Romadakı Kuirinale Sarayında “2020-ci il – İtaliyada Azərbaycan Mədəniyyət İli”nin açılışı münasibətilə konsert proqramı təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella konsert proqramını dinləyiblər.
Konsertdə Azərbaycan Dövlət Kamera Orkestri görkəmli Azərbaycan və İtaliya bəstəkarlarının əsərlərini ifa edib.
***
İtaliya Respublikasında dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin fevralın 21-də Romada rəsmi yolasalma mərasimi olub.
Romanın Kuirinale Sarayında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Azərbaycanın və İtaliyanın dövlət himnləri səsləndi.
Fəxri qarovul dəstəsinin rəisi dövlətimizin başçısına raport verdi.
Azərbaycan və İtaliya prezidentləri fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Azərbaycan Prezidenti İlham Əliyevə dövlət səfərindən çəkilmiş fotolardan ibarət albom təqdim olundu.
İtaliya Respublikasının Prezidenti Sercio Mattarella və qızı Laura Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı yola saldılar.
www.yenicag.az