İlk quşlar necə uçub? - İllərdir davam edən mübahisədə son nöqtə
Dinozavrlarla quşlar arasındakı əlaqəni göstərən Arxeopteriks cinsinə aid yeni tapılmış fosil illərdir davam edən elmi mübahisəyə son qoyub.
Yenicag.az xəbər verir ki, alimlər Arxeopteriksin uçduğunu sübut ediblər.
Təxminən 150 milyon il əvvəl yaşamış bu canlı ilk dəfə 1861-ci ildə Almaniyada tapılıb. Tüklərinə görə əvvəlcə quş hesab edilsə də, dişli çənəsi və uzun quyruğu ilə dinozavr xüsusiyyətləri daşıdığı müəyyən olunmuşdu.
ABŞ-nin Çikaqo şəhərindəki “Field” Muzeyində saxlanılan və yaxşı qorunmuş yeni fosil nümunəsi bu məsələyə aydınlıq gətirib. Fosil üzərində aparılan kompüter tomoqrafiyası və UV işıqla analiz nəticəsində Arxeopteriksin üçqat qanad tüklərinə sahib olduğu ortaya çıxıb. Bu tük düzülüşü müasir quşların uçuşuna imkan verən aerodinamik quruluşla eynidir.
Araşdırmanın rəhbəri Dr. Cinqmai Okonnor bildirib ki, Arxeopteriks uçmaq üçün tük strukturu olan ilk məlum dinozavrdır. Lakin döş sümüyünün olmaması səbəbilə onun uzun məsafələr deyil, daha çox yerə yaxın və qısa uçuşlar etdiyi ehtimal olunur.
Alimlər fosilin daha da dərindən araşdırılması ilə Arxeopteriks və erkən quşların təkamülü barədə yeni məlumatlar əldə etməyi planlaşdırır.