İlon Mask dövlət məmurlarını İFŞALADI: “Doğulmamış şəxslərə kredit ayırıblar”
ABŞ Dövlət Effektivliyi Departamentinin (DOGE) rəhbəri Elon Mask bəyan edib ki, bəzi dövlət qulluqçuları büdcə vəsaitlərindən istifadə edərək dəbdəbəli otellər və stadionlar kirayələməklə əyləncə tədbirləri keçiriblər.
Yenicag.az xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
“Elə bil, vergi ödəyicilərinin pulları ilə ziyafətlər verirlər. Əvvəlcə bu sui-istifadələr kiçik miqyasda başlayır və gizlədilir. Amma illər keçdikcə, qarşısı alınmadıqda bu halların miqyası böyüyür və getdikcə daha çox oğurluq edilir. Hətta stadionlar icarəyə götürülür”, – deyə Mask bildirib.
DOGE-nin əməkdaşlarından biri əlavə edib ki, departament tərəfindən yeni qayda tətbiq olunub. Dövlət qulluqçuları büdcədən vəsait götürməzdən əvvəl qəbz təqdim etməlidirlər. Onun sözlərinə görə, bu qaydadan sonra heç kim vəsait götürməyib.
Departamentin digər əməkdaşı bildirib ki, ABŞ-nin Kiçik Bizneslərin İnkişafı Administrasiyası (SBA) kreditləri hətta 120 yaşdan yuxarı şəxslərə verib, halbuki ölkədə ən yaşlı insanın yaşı 114-dür. Həmçinin 11 yaşdan kiçik uşaqlara və hələ doğulmamış şəxslərə də kredit ayrıldığı məlum olub. İlon Maskın sözlərinə görə, bu şəxslərdən birinin “doğum tarixi” 2165-ci il göstərilib.
Xatırladaq ki, DOGE ABŞ-ın keçmiş prezidenti Donald Tramp tərəfindən yaradılıb və İlon Maskın rəhbərliyi altında fəaliyyət göstərir. Departamentin əsas məqsədi dövlət xərclərinin səmərəliliyini artırmaq və federal qurumların strukturunu optimallaşdırmaqdır.
ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Conson da bəyan edib ki, departamentin araşdırmaları nəticəsində Konqresin icazəsi olmadan həyata keçirilən “şokedici” dövlət xərcləri ortaya çıxıb.