Pakistanın keçmiş baş naziri İmran Xan sui-qəsdə məruz qaldığı Vəzirabad şəhərindən paytaxt İslamabada yürüşün bərpa olunacağını açıqlayıb.
Məlumata görə, Lahorda müalicə aldığı xəstəxanada mətbuat mənsublarına açıqlama verən Xan, rəhbərlik etdiyi Pakistan Ədalət Hərəkatı Partiyasının noyabrın 8-də Vəzirabaddan yürüşə başlayacağını bildirib. O, özünün Ravalpindidə yürüş iştirakçılarına qoşulacağını da qeyd edib.
Hər gün televiziyada çıxış edəcəyini bəyan edib keçmiş hökumət başçısı hazırki
Baş nazir Şahbaz Şərif, daxili işlər naziri Rana Sanaullah və Kəşfiyyat İdarəsinin rəis müavini general-mayor Feysəl Nasirin ona qarşı sui-qəsdin arxasında durduğunu iddia edib.
“Bu şəxslər istintaqın başında dayandıqları müddətcə məhkəmə komissiyası nə edəcək?”, – deyə vurğulayıb.
Xan adıçəkilən şəxslərin istefa verməli olduğunu ifadə edərək, bunun şəffaf bir araşdırma üçün zəruriliyinə diqqət çəkib.
Xatırladaq ki, İmran Xan Qucranvala rayonunun Vəzirabad şəhərində hücuma məruz qalıb. Pakistanın keçmiş baş naziri oktyabrın 28-də Lahor şəhərindən başlayan “Real müstəqillik uğrunda uzun yürüş”ə rəhbərlik edib. O, yük maşınının damında dayanarkən hücum edən gənc aşağıdan tapança ilə Xana bir neçə dəfə atəş açıb. Güllə onun hər iki ayağına dəyib. Hücum nəticəsində bir nəfər ölüb, 13 nəfər yaralanıb.
www.yenicag.az