Bakı Dövlət Universitetinin rektoru, akademik Abel Məhərrəmov dekanların və struktur rəhbərlərinin iştirakı ilə I-IV kurs tələbələrinin sinif nümayəndələri ilə görüşüb. Ali məktəbdən verilən məlumata görə, rektor gələn ilin iyun ayında Bakı şəhərində I Avropa Oyunlarının keçirilməsi səbəbilə bütün təhsil müəssisələrində tədris prosesinin və imtahan sessiyasının gələn il may ayının 31-də başa çatdırılmasının təmin edilməsi məqsədilə Təhsil Nazirliyinin məktubunu tələbələrin diqqətinə çatdırıb. Məktuba əsasən, rektor dərslərin 26.12.2014-cü il tarixində bitməsi, qış imtahan sessiyasının 3 həftə davam etməsi və qış tətilinin 1 həftə olması barədə qrafiklə tələbələri məlumatlandırıb.
BDU-da imtahan qrafikinin sıxlığını və tələbələrin çoxsaylı müraciətlərini nəzərə alaraq rektor imtahan suallarının qismən azaldılması, imtahanlar arasında günlərin sayının normativə uyğun müəyyən edilməsi üçün əlavə olaraq həftənin 6-cı günü də imtahanlar salınması, tələbələrin ərizələri əsasında dekabrın 25-27-sində sessiyadan əvvəl başa çatmış fənlər üzrə imtahanların keçirilməsi, davamedici olmayan fənlər üzrə alt qrupda imtahanların növbəti semestrin birinci həftəsində keçirilə biləcəyi barədə məlumatı , kafedralar üzrə məsləhət saatlarının təşkil olunması, həmçinin yeni tələblərə uyğun tərtib edilmiş imtahan suallarının tələbələrə vaxtında paylanması haqqında göstərişlər verib.
Görüşün sonunda tələbələrin sualları cavablandırılıb.