“İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında dəyirmi masa təşkil olunub
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan edilmiş “İnsan Hüquqları Aylığı” çərçivəsində Daxili İşlər Nazirliyinin Polis Akademiyasında “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Azərbaycan Respublikasının Konstitusiyası suverenliyin və insan hüquqlarının təmin olunmasında mühüm hüquqi bazadır” mövzusunda dəyirmi masa keçirilib.
Hüquq və İnsan Haqları İnstitutunun nümayəndəsinin, Polis Akademiyasının professor-müəllim heyətinin, kursant və magistrlarının iştirak etdiyi həmin tədbirdə Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Müqalib Mahmudov mövzu ilə bağlı məruzə ilə çıxış edərək, hər il mayın 18-dən iyunun 18-dək keçirilən “İnsan Hüquqları Aylığı”nın əsas məqsədinin cəmiyyətdə hüquq düşüncəsinin və hüquq mədəniyyətinin inkişaf etdirilməsi, ayrı-seçkiliyə, korrupsiyaya, zorakılığa və digər neqativ hallara, habelə zərərli vərdişlərə qarşı mübarizənin gücləndirilməsi olduğunu diqqətə çatdırıb.
Eyni zamanda, insan hüquq və azadlıqlarının səmərəli təmini sahəsində həyata keçirilən islahatlar, Konstitusiya və suverenlik dəyərlərinin təbliği, eləcə də Ombudsmanın hüquqi statusu, səlahiyyətləri və genişmiqyaslı fəaliyyəti barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.
İnteraktiv formada keçirilən tədbirdə geniş fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.