“Tikilməkdə olan binalarda satışa çıxarılan mənzillərin qiyməti hazır binalardakılara nisbətən daha ucuz olur”.
Bu fikirləri inşası tamamlanmayan binalardan mənzil alan vətəndaşların üzləşdikləri problemlər haqda danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Ekspert qeyd edib ki, bəzi hallarda inşası tamamlanmayan binalarda eyni mənzilin bir neçə nəfərə satılması və tikintinin yubanması kimi problemlərə də rast gəlinir:
“Ölkədə vaxtilə müşahidə edilən tikinti bumu dalğasında təkcə Bakı şəhərində 2 mindən artıq çoxmənzilli yaşayış binaları tikilərək istifadəyə verilib. Lakin son vaxtlarda inşaat işlərinin aparılması qaydalarına ciddi dəyişikliklər edilib.
Konkret danışsaq, ötən illərdə tikintilərlə bağlı icazələri bir sıra qurumlar, o cümlədən, yerli icra hakimiyyəti orqanları verirdisə, indi həmin səlahiyyət Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə keçib.
İnşası davam etdirilən binalarda aidiyyatı qurumlar tərəfindən mütəmadı yoxlanma işləri aparılır. Alıcıların bir qismi hazır və çıxarışlı binalardan mənzil almağa üstünlük versələr də, tikilməkdə olan binalarda satışa çıxarılan mənzillərin qiyməti hazır binalardakılara nisbətən daha ucuz olur.
Vətəndaşların mənzil alarkən bəzi fırıldaqçı tikinti şirkətləri tərəfindən aldadılmasına dair faktlar heç də az deyil. Müəyyən hallarda inşası tamamlanmayan binalarda eyni mənzilin bir neçə nəfərə satılması və tikintinin yubanması kimi problemlərə hələ də rast gəlinir.
Bu məsələdə vacib məqamlardan biri də vətəndaşların inşası tamamlanmamış binalardan mənzil alarkən tikinti şirkətinin reputasiyasını yoxlamalarıdır. Buna mütləq diqqət yetirilməlidir. Bunun üçün konkret tikinti şirkəti ilə bağlı internet resurslarında müvafiq araşdırma aparmaq və hüquqşünasla məsləhətləşmək işin faydasına olar”.
Nuray Məmmədzadə
www.yenicag.az