İnternet TV-lərin “ulduz”una çevrilən “KÖHNƏLƏR”: “Onlar siyasi cəhətdən tükəndikləri üçün…” – ŞƏRH

“Ötən əsrin 80-cı illərində siyasətə gələn bəzi fiqurların yenidən fəallaşmağa cəhd göstərdiyi müşahidə olunur”.

Bu fikirləri son günlərdə aktiv siyasi fəaliyyətləri olmayan bəzi fiqurların müxtəlif platformalara “ayaq açması”na münasibət bildirən ekspert Əlabbas Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Onun sözlərinə görə, “köhnə”lərin müxtəlif efirlərə dəvət alması sistem müxalifətinin fəaliyyətsizliyi ilə bağlıdır:

“Son vaxtlar ölkənin müxalif siyasi cameəsində müəyyən hərəkətliliyin olduğu açıq sezilir. Bu sırada ötən əsrin 80-cı illərində siyasətə gələn bəzi fiqurların yenidən fəallaşmağa cəhd göstərdiyi müşahidə olunur.

Müxalifət düşərgəsini uzun müddət öz inhisarlarında saxlamış məşhur “dördlük”dən 3-ü son illər demək olar, ortada yox idi. Rəsul Quliyev ABŞ-də mühacir həyatını yaşayır, Etibar Məmmədov “daxili siyasətə qarışmıram” deyərək kənara çəkilmişdi. Hətta onun tikinti biznesinə baş vurduğu haqda məlumatlar yayılmışdı. İsa Qəmbər isə köhnə silahdaşları ilə birlikdə araşdırma mərkəzi yaradaraq fəaliyyətini ora ilə məhdudlaşdırırdı.

Ancaq bu şəxslərin son günlər internet televiziyalarının davamlı qonaqlarına çevrilməsi onların hansı səbəbdən belə fəallaşdıqlarına dair suallar yaradır. Məncə, hakimiyyət sistem müxalifətinin özünü doğrultmadığının fərqində olduğu üçün “boşluğu” “köhnə”lərlə doldurmaq istəyir. Yəni burada “onların dilini bilirik” yanaşmasından çıxış edilir. Amma həmin adamların siyasi cəhətdən tükəndiklərini nəzərə alsaq, bu gedişin uğurlu olacağını düşünmürəm”.

A.Zeynalov