“İran “Avropa üçgünlüyü” ilə görüşlərə hazırdır” – İran XİN-in SÖZÇÜSÜ
“İran, əvvəllər təxirə salınmış danışıqlara baxmayaraq, nüvə proqramı ilə bağlı Böyük Britaniya, Almaniya və Fransa (“Avropa üçlüyü”) ilə görüş keçirməyə hazır olduğunu açıqlayıb”.
Yenicag.az “RİA Novosti”yı istinadla xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bəyan edib.
Onun sözlərinə görə, mayın 2-də Romada siyasi direktorların görüşü planlaşdırılsa da, tərəflərin qarşılıqlı razılığı ilə təxirə salınıb.
“Biz dialoqa hazırıq, sadəcə yeni tarix razılaşdırılmalıdır”, – deyə o, bu gün keçirilən mətbuat konfransında bildirib.
Qeyd edək ki, bundan əvvəl Oman xarici işlər naziri Bədr Əl Busaidi İran və ABŞ arasında mayın 3-nə planlaşdırılmış görüşün logistik səbəblərlə təxirə salındığını açıqlamışdı. Ardınca Fransa xarici işlər naziri Jan-Noel Barro da İranın “Avropa üçlüyü” ilə həmin həftəyə planlaşdırılmış görüşünün ləğv edildiyini təsdiqləmişdi.
Xatırladaq ki, 2015-ci ildə İran və altı ölkə (Böyük Britaniya, Almaniya, Çin, Rusiya, ABŞ və Fransa) arasında imzalanmış nüvə sazişi Tehranın nüvə fəaliyyətlərini məhdudlaşdırması qarşılığında sanksiyaların aradan qaldırılmasını nəzərdə tuturdu. Lakin ABŞ 2018-ci ildə prezident Donald Trampın qərarı ilə sazişdən çıxdı və sanksiyaları bərpa etdi. Buna cavab olaraq İran da mərhələli şəkildə öhdəliklərindən geri çəkilərək, nüvə tədqiqatları və uranın zənginləşdirilməsi ilə bağlı məhdudiyyətləri aradan qaldırdı.