İran bəhanə, hədəf Çindir? – Politoloqdan Hörmüz boğazındakı gərginliklə bağlı PROQNOZ
ABŞ-ın Hörmüz boğazında başlatdığı dəniz blokadası İrana qarşı yönəlsə də, regionda qlobal güclərin toqquşma riskini pik həddə çatdırıb.
Yenicag.az xəbər verir ki, bu barədə politoloq Turan Rzayev öz sosial şəbəkə hesabında maraqlı təhlillə çıxış edib.

Ekspert qeyd edir ki, hazırda Hörmüz boğazı yaxınlığında ABŞ-ın 15-dən çox hərbi gəmisi blokada əməliyyatına cəlb edilib. Digər tərəfdən, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “George Bush” atom aviadaşıyıcısı artıq Cəbəllütariq boğazını keçərək Aralıq dənizi akvatoriyasına daxil olub. Son məlumatlara görə, zərbə qrupu yaxın 3–5 gün ərzində Mərkəzi Komandanlığın (CENTCOM) əməliyyat zonasına çatacaq.
Turan Rzayevin fikrincə, Vaşinqtonun bu gedişindən ən çox narahat olan tərəf məhz Çindir. Belə ki, Pekin bu regiondan enerji baxımından birbaşa asılıdır və ABŞ-ın blokada qərarını öz iqtisadi təhlükəsizliyinə birbaşa təhdid kimi qiymətləndirir:
“Çin artıq hərbi donanmasını Fars körfəzi yaxınlığında saxlayacağını və öz gəmilərini müşayiət edəcəyini bəyan edib. Bu ‘müşayiət’ sadəcə müdafiə deyil, həm də Vaşinqtona verilən ‘mən də buradayam’ mesajıdır. Pekin rəsmi şəkildə Çinə aid gəmilərə hər hansı müdaxilə ilə bağlı sərt xəbərdarlıq da ünvanlayıb”.
Politoloq vurğulayır ki, ABŞ-ın əsas hədəfi Çindir və Vaşinqtonun fokusunu tamamilə Pekinə çevirəcəyi bəllidir. Lakin birbaşa hərbi toqquşma hər iki ölkə üçün arzuolunmaz ssenaridir:
“Tərəflər açıq müharibədən qaçmağa çalışsa da, bir-birinə toxunmadan, çox yaxın məsafədə hərbi güc nümayiş etdirə bilərlər. Bu, bizə 21-ci əsrin “Hörmüz böhranı”nı yaşada bilər. Vaşinqtonun blokada israrı və Pekinin hərəkətə keçməsi bu versiyanı hər keçən gün daha da ciddiləşdirir”.













