İran ABŞ-ın gözlənilən cavab hücumu zamanı İsrailə yardım edəcəyi təqdirdə, bölgədəki ABŞ bazalarına hücum edəcəyini açıqlayıb. İran onu da vurğulayıb ki, digər ərəb ölkələri İsrailə yardım etsələr, onlara da hücum edəcək.
Yenicag.az xəbər verir ki, ABŞ-ın “Wall Street Journal” qəzetinin məlumatına görə, İran İsrailin elan etdiyi cavab hücumunda İsrailə hərbi infrastrukturundan və ya hava məkanından istifadə etməyə imkan verəcək Yaxın Şərqdə ABŞ-ın müttəfiq ölkələrini hədəf alacağı ilə hədələyib. Qəzetə danışan ərəb rəsmiləri bildiriblər ki, Tehran administrasiyası diplomatik kanallar vasitəsilə öz ərazisindən və hava məkanından istifadəyə icazə verməklə potensial cavab hücumunu asanlaşdıracaq istənilən ərəb dövlətinə cavab verəcəyi barədə xəbərdarlıq edib.
Rəsmilərə görə, ABŞ-ın hərbi bazalarının olduğu İordaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Qətər İran tərəfindən təhdid edildiyi iddia edilən ölkələr arasındadır. Bu dövlətlər Bayden administrasiyasına hərbi infrastrukturu və ya hava məkanının ABŞ və ya İsrail tərəfindən idarə edilməməsinə qarşı bir hücumda istifadə edilməsini istəmədiklərini elan edib. Xatırladaq ki, İran oktyabrın 1-də İsrailə raket zərbəsi endirib. Təl-Əviv rəhbərliyi İranın bu hücumuna cavab verəcəyini açıqlayıb.
ABŞ prezidenti Co Bayden İsrailin İrana necə cavab verəcəyinə hələ qərar vermədiyini və İsrailin İranın nüvə obyektlərinə mümkün hücumunu dəstəkləmədiyini bildirib. Bayden İsrailin “mütənasib şəkildə” cavab verməli olduğuna inandığını bildirib.
Nəsimi Ələsgərli
www.yenicag.az