"İran kəşfiyyatı RƏZİL OLDU": Xamneyini niyə qorumadılar? – Türkiyəli ekspertdən ŞƏRH/VİDEO
“İran son dövrlərin ən böyük təhlükəsizlik böhranlarından birini yaşadı.”
Bunu Yenicag.az-a videomüsahibəsində Türkiyəli siyasi şərhçi Güngör Yavuzaslan deyib.
O, İran, ABŞ və İsrail arasında hazırki prosesləri şərh edib.
Əli Xamenei kimi dövlətin ən yüksək səviyyəli rəhbəri niyə kifayət qədər qorunmadı?
“İranın ali lideri Əli Xamenei üçün xüsusi təhlükəsizlik protokolları mövcud idi. Lakin rəsmi açıqlamalara əsasən, İsrail təhdidi və mövcud müharibə riski fonunda əlavə və ya fövqəladə qoruma tədbirləri tətbiq edilmədi, gündəlik rutin dəyişdirilmədi. Bu isə təhlükəsizlik baxımından ciddi boşluq yaratdı. İran rəsmilərinin bildirdiyinə görə, Xamenei “xalq necə yaşayırsa, mən də elə yaşamaq istəyirəm” mövqeyini qoruyurdu. Bu yanaşma isə yüksək riskli şəraitdə əlavə təhlükəsizlik tədbirlərinin görülməməsi ilə nəticələndi”.
Bu vəziyyət bir təhlükəsizlik zəifliyidirmi, yoxsa şüurlu informasiya nəzarəti?
“Bu hadisəni ilk növbədə ciddi təhlükəsizlik zəifliyi kimi qiymətləndirmək daha doğrudur. Mövcud faktlar bunun şüurlu informasiya nəzarətindən çox, sistemli təhlükəsizlik boşluğu olduğunu göstərir. İran son dövrlərin ən böyük təhlükəsizlik böhranlarından birini yaşadı və bu, dövlət strukturlarında ciddi çatışmazlıqları üzə çıxardı”.
İran kəşfiyyatı ehtimal olunan təhdidləri öncədən müəyyən edə bilmədi?
“İran kəşfiyyatının regional risklər və İsrail–ABŞ xəttindən gələn təhdidlər barədə ümumi məlumatlı olduğu ehtimal edilir. Lakin əsas problem təhdidin bilinməsində deyil, onun vaxtında və effektiv şəkildə təsbit olunması və qarşısının alınmasında ortaya çıxdı. Hədəflər uzun müddətdir məlum olsa da, sahə əməliyyatları və preventiv tədbirlər baxımından zəiflik nümayiş etdirildi”.
Rejim daxilində bir səhlənkarlıqmı var, yoxsa qurumlararası koordinasiya çatışmazlığı?
“Bu məsələ daha əvvəl, xüsusilə İsmayıl Haniyə ilə bağlı sui-qəsd hadisəsində də müzakirə olunmuşdu. İran daxilində təhlükəsizlik strukturları arasında tam konsolidasiya və vahid koordinasiya mexanizminin olmaması diqqət çəkir. Qurumlararası rəqabət, fərqli güc mərkəzləri və vahid kəşfiyyat strategiyasının zəifliyi təhlükəsizlik boşluqlarına yol aça bilər. Bu isə həm daxili səhlənkarlıq, həm də struktur problemlərinin birləşməsi kimi qiymətləndirilə bilər”.
Xamenei sonrası İranda güc balansı necə formalaşacaq?
“İran Konstitusiyasına uyğun olaraq müvəqqəti idarəetmə mexanizmi işə düşür və keçid dövrü üçün şura formalaşdırılır. Bu şurada prezident, parlament sədri və məhkəmə hakimiyyətinin nümayəndəsi təmsil olunur. Paralel olaraq, ölkə daxilində müxtəlif güc mərkəzləri xüsusilə İnqilab Keşikçiləri, mühafizəkarlar və islahatçılar arasında balans mübarizəsi güclənə bilər.
Yeni ali lider seçilənə qədər daxildə siyasi və institusional çəkişmələrin davam etməsi ehtimalı yüksəkdir. Seçiləcək yeni lider isə həm sistem daxilində güc balansını qorumaq, həm də təhlükəsizlik strukturlarında etimadı bərpa etmək kimi çətin vəzifələrlə üzləşəcək”.
Videomüsahibəni təqdim edirik:
Nəsimi Ələsgərli
Samir Məcidov













