İran yol ayrıcında: Cəmiyyətin seçimi necə olacaq? - ŞƏRH
“İran qeyri-müəyyənlikdən qurtulmaq və dövlətlərlə yaxınlaşmaq üçün qapalı deyil, dünyəvi dövlət formalaşdırmalıdır”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında sosioloq Üzeyir Şəfiyev son aylar İranda hicab qadağasının aradan götürülməsindən sonra ölkənin müxtəlif şəhərlərində cəmiyyətin dünyəvi yaşayış tərzinə keçidi, musiqili tədbirlər keçirilməsinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, İran nəinki dilemma qarşısındadır, həm dövlət, həm cəmiyyət olaraq çoxlu yol ayrıcındadır:
“Onlara necə bir İran lazımdır deyə düşünürlər. İrandakı sərt qadağalar, insanların hüquq və azadlıqlarının məhdudlaşdırılması, dövlətin vətəndaşın şəxsi həyatına total müdaxiləsi cəmiyyət tərəfindən birmənalı qarşılanmır və buna xeyli etirazlar var. İran vətəndaşı öz üzərində dövlətin bu formada şəxsi həyatına, seçim azadlığına müdaxiləsini qəbul etmirlər, ona görə də İran cəmiyyətində insanların bir qismi islahat tərəfdarıdır, liberal dəyərlər, dünyəvi dövlət axtarışındadır. Onlar şübhəsiz ki, İranın mövcud hakimiyyətinə yüksək səviyyədə təzyiq edir və onlardan da qərb güc mərkəzləri istifadə edir. Ona görə də, İran hazırda 2 yol ayrıcındadır: bir tərəfdən dünyəvi, sekulyar cəmiyyət, digər tərəfdən də hazırkı rejimi qəbullanıblar, mühafizəkar qrupdur ki, onlar bu vəziyyətə davam etmək istəyirlər. Onlara elə bir mif aşılanıb ki, İran belə daha yaxşı, daha güclüdür. Lakin, bu belə çox davam edə bilməz. Çünki, İranda çoxluq dünyəvi, liberal dəyərlərə malik kütlədir. Düşünürəm ki, dünyada baş verən proseslərin təsiri fonunda İran da yaxın perspektivdə cəmiyyətdə baş verəcək dəyişiklikləri hiss edəcəyik. Hicab məcburi ola bilməz.”
Sosioloq qeyd edib ki, İran dünyəvi dəyərlərə hörmətlə yanaşmağa davam etsə dünyadan təcrid olunmaqdan da qurtula bilər:
“Oxşar vəziyyət insanların üzərində çox sərt nəzarət mexanizmi olan Taliban rejimində də, digər radikal dövlətlərdə də var. Məhz belə vəziyyətlərdən kənar dövlətlər də istifadə edərək onları təcrid edir. İran da gördüyünüz kimi sanksiyalar ucbatından təcrid edilib, qlobal dünyaya açıla bilmir, dünyəvi dəyərləri qəbul etmədiyi üçün dünya tərəfindən dışlanır. Bunun əziyyətini isə İran xalqı çəkir. Ona görə də çox yaxşı olar ki, İrandakı dəyişikliklər daha elitar səviyyədə baş versin. Məsələn, islahatlara getsin, dünya düzənində baş verən hadisələrə adekvat qərar versin, dünyəvi dövlət quruculuğu yaradılsın. Əxlaq təkcə hicabla ölçülmür. Əxlaq insanın şəxsi seçimləridir, bunu hicaba bağlamaq məcburi olmamalıdır. İran hakimiyyəti də xalqın istəyini, meyllərini nəzərə almalı, dünyada baş verən proseslərə uyğun dövlət formalaşdırmalıdır”.
Nurlan Cəfəri












