İranda çevriliş ssenarisi: "Xalqın haqqını terrora axıdan rejim öz sonunu özü hazırlayır”
“İran rejiminin hazırkı vəziyyəti “Hizbullah”, “HƏMAS” kimi təşkilatlara axıtdığı milyardların nəticəsidir.”
Bu fikri Yenicag.az-a açıqlamasında Ədalət, Hüquq, Demokratiya, Partiyasının Baş katibi, politoloq Niyaməddin Orduxanlı bildirib.

N. Orduxanlı İranda baş verən kütləvi etiraz aksiyalarının arxasında xalqa verilməli olan vəsaitin terror təşkilatlarına xərclənməsinin dayandığını bildirib:
“Bu gün İranın molla rejiminin bu vəziyyətə düşməsi məhz HƏMAS, Hizbullah kimi təşkilatların maliyyələşməsindən qaynaqlanır. Xarici ölkədə yerləşdirilmiş bu təşkilatlara İran büdcəsindən milyardlarla dollar vəsait pul ayrılır. Onlar da bu vəsait və silahlarla öz ideologiyalarını, öz rejimlərini müdafiə edirlər. Düşünürəm ki, İran rejimi devrilərsə, hakimiyyətə gələcək olan qüvvələr həmin təşkilatlara vəsait ayırmayacaq. Çünki İran dövlətinin hazırda 80 milyondan artıq əhalisi var və bu əhalinin 70%-dən artığı yoxsulluq səviyyəsindən aşağı yaşayır. Bu gün İranda sosial narazılığın bu həddə gəlib çıxması insanların ağır şəraitdə yaşamasının əsas səbəbidir. Yeni hakimiyyətə gələcək olan qüvvələrin İran rejimi kimi həmin təşkilatlara böyük vəsaitlər ayıracağına inanmıram.”
Politoloq qeyd edib ki, rejim devrilərsə və yeni hakimiyyət də bu təşkilatları maliyyələşdirməyə davam edərsə, onların da aqibəti fərqli olmayacaq:
“Çevriliş baş verəcəyi təqdirdə əgər yeni gələcək olan hakimiyyət “Hizbullah”, “HƏMAS” kimi təşkilatlara indiki hökumət kimi yardım etməyə davam edərsə, onların da hakimiyyəti çox uzun sürməz və eyni problemlərlə üzləşməli olacaqlar. Düşünürəm ki, İranda ciddi islahatlar həyata keçirilməlidir və ölkənin demokratikləşməsi baş verməlidir.”
Nurlan Cəfəri












