İranda “Starlink” əməliyyatı: 10 nəfər saxlanıldı
İranda “Starlink” peyk terminallarından istifadə edən şəxslərə qarşı genişmiqyaslı reyd keçirilib. Qum vilayətində baş tutan əməliyyat zamanı 10 nəfər saxlanılıb.
Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə məlumatı Qum vilayətinin kiberpolis idarəsi yayıb.
Rəsmi məlumata görə, İran hakimiyyəti “Starlink” avadanlıqlarını ölkə təhlükəsizliyi üçün “təhlükəli məhsul” kimi qiymətləndirir. Bildirilib ki, qeyri-qanuni peyk internetindən istifadə edən şəxslər qanunvericiliyin ən sərt maddələri ilə cəzalandırılacaqlar.
Xatırladaq ki, Tehran rəhbərliyi bundan əvvəl İlon Maskın sahibi olduğu “Starlink” peyk sistemlərini ölkə ərazisində “qanuni hədəf” elan etmişdi. İran tərəfi bu texnologiyanın ölkədəki informasiya blokadasını yarmaq və daxili sabitliyi pozmaq məqsədilə istifadə edildiyini iddia edir.













