Döyüş meydanında psixologiya, pərdə arxasında böyük təzyiq: Vaşinqton nəyi hədəfləyir?
“ABŞ İrana qarşı heç vaxt istifadə etmədiyi silahları işə sala bilər.”
Bu sözləri Yenicag.az-a açıqlamasında Azad Vətən Partiyasının sədri Akif Nağı bildirib.

A. Nağı Trampın son açıqlamasını şərh edərək “İrana hərbi əməliyyatlardan daha ağır zərbə endirəcəyik” ifadəsinin mahiyyətini dilə gətirib:
“ABŞ və İran arasında psixoloji təzyiq də döyüş meydanındadır. İstənilən müharibədə bundan istifadə edirlər. İndiyəcən dəfələrlə Tramp İranı məhv edəcəyini, yerlə-yeksan edəcəyini bildirib. İran tərəfi də öz imkanlarından daha artıq ifadələr işlədir və Amerikanı məhv edəcəklərini bildirir. Bütün bunlar hər iki tərəfin rəqibinə psixoloji təzyiqi və daxili auditoriyaya oynamaq cəhdidir. İndiki zamanda Trampın İrana hərbi əməliyyatlardan daha ağır zərbə endirəcəyini bildirməsi bir çox məsələdən xəbər verir. Bu, daha ağır zərbə də ola bilər, daha sərt sanksiya da. Hesab edirəm ki, ABŞ daha çox müəyyən qüvvələrin ayağa qaldırılmasına çalışa bilər. Bu isə hər iki ölkə tərəfindən təşkil edilə bilər. Məlumdur ki, Tramp Hürmüz boğazını da ələ keçirmək istəyir. Hansısa formada həmin ərazilərə ABŞ desantı da çıxara bilər ya da hansısa proksi qüvvələri silahlandırıb İran küçələrində meydana çıxara bilər. Hər bir halda aydındır ki, Tramp öz hədəfindən geri çəkilməyəcək. İranda rejimi ya dəyişməli, ya da öz nəzarəti altına almalıdır. Bundan əlavə, İranın neft-qaz yataqlarını öz nəzarətinə keçirib İranın regiondakı rolunu zəiflətməyə çalışacaq. İndiki halda İranı dağıtmaq, parçalamaq onun maraqlarına cavab vermir.”
Sonda partiya sədri bildirib ki, ABŞ heç vaxt istifadə etmədiyi silahlardan da İrana qarşı istifadə edə və İran problemini birdəfəlik həll edə bilər.
Nurlan Cəfəri













