“İrandan İsrailə atılan raketlər Cənubi Azərbaycandan göndərilməyib. Bunların bir çox hissəsi Kirman ostanı, mərkəzi məntəqələrdən – Şiraz və İsfahandan atılmışdı”.
Bu barədə Yenicag.az-a açıqlamasında analitik Sultan Zahidov deyib.
O, İranla İsrail arasında davam edən gərginliyin regiona, o cümlədən Cənubi Azərbaycana olan təsirindən söz açıb.
Politoloqa görə, İran cavab zərbəsi ilə İsrailə zərər vermək qabiliyyətində olduğunu nümayiş etdirmək istəyirdi.
“Hazırda isə “top” İsraildədir və rəsmi Təl-Əvivin İrana cavab zərbəsi vurmaq ehtimalı böyükdür. Hətta İsrailin 3 nəfərdən ibarət Hərbi Kabinetinin üzvləri Benni Qantz, Baş nazir Benyamin Netanyahu və müdafiə naziri Yoav Qallant qərar verdilər ki, İrana cavab zərbələri vurulacaq.
Baxmayaraq ki, ABŞ hər vəchlə İsraili əlavə zərbələrə ehtiyac olmadığına inandırmağa çalışdı. Çünki həmin hücum, əslində, İsrailin strateji qələbəsi kimi qiymətləndirilə bilər. Bu baxımdan, raketlərin 99 faizi İsrail hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildi. Bununla belə, geopolitik vəziyyət onu tələb edir ki, əgər düşmən sənə zərbə endiribsə, mütləq ona cavab zərbəsi vurmalısan”, – deyə o bildirib.
S.Zahidovun sözlərinə görə, sual yarana bilər ki, İsrailin cavab zərbələri hansı istiqamətlərdə həyata keçiriləcək? “Aydın məsələdir ki, İsrail quru qoşunlarını İrana göndərəsi deyil, ümumiyyətlə, İsrailin İranla quru sərhədi yoxdur. Deməli, burada söhbət yenidən raketlər, PUA-lar, ballistik və qanadlı raketlərdən gedir.
Mənə elə gəlir ki, İranın əsas raket komplekslərinin yerləşdiyi məntəqələr İsrailin hədəfində olacaq. Eyni zamanda, İranın nüvə reaktorları yerləşən məntəqələri – Natanz və Buşehr AES-ləri də İsrail tərəfindən vurula bilər. Hətta İsrailin İranın nüvə proqramını hədəfə alması ehtimalı çox böyükdür. Doğrudur, bu zavodların bəziləri yerin metrlərlə altındadır, lakin Buşehr və Natanzda yerləşən AES-lər açıq hədəfdədir. Artıq dünəndən İranda nüvə reaktorları olan zavodların müvəqqəti bağlanması qərarı verildi. Görünən odur ki, İran özü də əsas hədəfin nüvə proqramları olduğunu gözləyir”, – həmsöhbətimiz əlavə edib.
“O ki qaldı Cənubi Azərbaycanın vurulmasına, düşünmürəm ki, İsrail belə bir yanlış addım atsın. Çünki İsrailin marağında deyil ki, İranın daxilindəki azərbaycanlıları hakimiyyətlə eyni mövqedə tutsun. Əksinə, İsrail istəyir ki, həmin azərbaycanlılar İran hakimiyyətinə qarşı mövqe sərgiləsinlər. Cənubi Azərbaycan ərazilərinin vurulması həm Azərbaycanla münasibətlərdə müəyyən problemlər yarada bilər, həm də ki, yerli xalqda İsrailə qarşı bir növ qıcıq yarada bilər ki, bu da Təl-Əviv administrasiyasının marağında deyil” – S. Zahidov fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az