“ABŞ-nin prezidentliyə namizədi olan Donald Trampa qarşı sui-qəsd məsələsində “Politico” nəşri məlumat vermişdi ki, İran guya tezliklə Trampı öldürəcək”.
Bu sözləri Yenicag.az-a açqılamasında Orta Doğu Araşdırmaları Mərkəzinin sədri, İranşünas Sədrəddin Soltan deyib.
Həmsöhbətimiz ABŞ-nin sabiq prezidenti Donald Trampa qarşı həyata keçirilən sui-qəsd əməliyyatının arxasında İranla bağlı iddiaların olması məsələsini şərh edib.
Mütəxəssis əlavə edib ki, buna əsas var, çünki SEPAH-ın Qüds qolunun komandanı general Qasım Süleymani Trampın prezidentliyi dövründə öldürülüb:
“Amma İran xarici işlər nazirinin Nasir Kənani bildirmişdi ki, Tehran administrasiyasının Trampa qarşı sui-qəsddə heç bir əli yoxdur və İran bütün bunların hamısını təkzib edir. İndi isə yayılan xəbərlər versiyalardan biridir. Ona görə də ABŞ və Trampın dost və düşmənləri ilə bağlı məsələləri araşdırırlar. İran hakimiyyəti ABŞ, eləcə də Trampın dostu olmayan bir qurumdur. Həmçinin 2015-ci ilin yayında əldə edilmiş əhatəli razılaşma planından Tramp prezident olduqdan sonra ABŞ-ni çıxardı. Bu məsələ də Trampa qarşı İranın sui-qəsd etməsinə səbəblərindən biri ola bilər”.
Onun sözlərinə görə, burada iki səbəb var:
“Birincisi, Qasım Süleymaninin öldürülməsinin Trampın dövrünə təsadüf etməsi; ikincisi, əhatəli razılaşdırma planından ABŞ-nin çıxmasının Tramp dönəmində baş tutması, eləcə də İranın xam neft və raket sənayesinə qarşı sanksiyalar da Tramp dövründə tətbiq olunub. Ehtimallardan biri budur ki, Tramp prezident olacağı təqdirdə, İrana qarşı daha sərt siyasət həyata keçirəcək. Bu baxımdan, sözügedən versiyaya daha çox üstünlük verirlər ki, İran Tramp prezident olacağı halda, bu ölkəyə qarşı sanksiyalar tətbiq etməsinin qarşısını indidən almaq üçün onu aradan götürmək istəyib”.
“Bu da sirr deyil ki, İrana qarşı siyasəti təkcə Tramp həyata keçirmir. Əksinə. ABŞ-nin xarici siyasi kursudur və bu kursu demokratlar və respublikaçılar hakimiyyətə gələndə həyata keçirir. Məsələn, Trampdan sonra Bayden hakimiyyətə gələndə də İrana qarşı təzyiqlər və sanksiyalar davam etdi. Ona görə də bu versiya, sadəcə olaraq. Trampın İrana münasibətinə görə meydana çıxan və yayılan xəbərlərdəndir”, – deyə o, fikirlərini yekunlaşdırıb.
Rafi Müslümov
www.yenicag.az