İranın körfəz ölkələrinə zərbələri: Ərəb dövlətləri reaksiyasız qalacaq?
“İranın zərbə endirdiyi ərəb ölkələri birbaşa müharibəyə girməkdən çəkinirlər”.
Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Samir Hümbətov bildirib.
S. Hümbətov İranın raket zərbələri endirdiyi ərəb ölkələrinin səssizliyi qorumasının səbəblərini sadalayıb:
“Faktiki olaraq İranın bu gün hər nə qədər siyasi, dini, hərbi elitası sıradan çıxarılsa da, regionun ən güclü ölkələrindən biridir. Ərəb ölkələri bunu çox yaxşı başa düşür. İşin ən təhlükəli tərəfi odur ki, İranın siyasi elitası sıradan çıxdığı üçün qərarları hərbi komandanlıq verə bilir və bu cür tendensiyalar isə ciddi təhlükə mənbəyidir. Ərəb ölkələrinin əsas narahatlığı da bundan ibarətdir. Onlar düşünürlər ki, İrana cavab versələr, İran hərbi rəhbərliyi daha sərt formada hücuma keçə bilər. Ərəb ölkələrinin heç biri İranla açıq müharibəyə girmək istəmir”.
Politoloq düşünür ki, həmin ölkələr SEPAH daxilində İsrailə bağlı şəxslərin onları müharibəyə sövq etmək ehtimalını da nəzərdən keçirirlər:
“Digər ehtimal odur ki, SEPAH daxilində İsrail və Amerikaya işləyən şəxslər ola bilər ki, həmin şəxslər ölkələrinə zərbələr endirməklə onları müharibəyə təşviq edə bilər. Bu da genişmiqyaslı müharibəyə səbəb ola bilər. İranın zərbə endirdiyi ərəb ölkələri indiyə qədər rahat həyat yaşamağa öyrəşmiş ölkələrdir və onlarda formalaşmış firavanlığı pozmaq istəmirlər. Böyük ehtimalla, həmin ərəb ölkələri bu ehtimallara dayanaraq İranla açıq döyüşə girməkdən çəkinirlər və münaqişənin sakitləşməsini gözləyirlər”.
Nurlan Cəfəri













