“Rusiya Ukrayna müharibəsi ilə bağlı elə proseslər gedir ki, bu bizim regionumuz üçün də problemlər yarada bilər”.
Bu fikri Ermənistanla Azəraycan arasında aparılan delimitasiya prosesi, habelə erməni mətbuatının 1978-ci il xəritələri iddiasını Yenicag.az-a şərh edən politoloq Yusif Bağırzadə deyib.
O, bildirib ki, Azərbaycan və Ermənistan sürətli şəkildə delimitasiya məsələsini həll etməlidir:
“Delimitasya məsələsində Azərbaycan tərəfinin güzəştə getməsindən söhbət gedə bilməz. Xəritə məsələsi o vaxt aktual idi ki, Rusiya tərəfinin də bu prosesdə iştirakı müzakirə olunurdu. Sonradan Rusiyanın iştirakı olmadan Azərbaycan və Ermənistan tərəfi görüşdü. Rusiya tərəfi deyirdi ki, xəritələr Rusiya ordusunun baş qərargahındadır. Ermənistan isə bəyanat verdi ki, Rusiyanın prosesdə iştirakına ehtiyac yoxdur”.
“Ermənistan uduzan tərəfdir. Ona görə də güzəştə getməli olacaqsa, bunu Ermənistan etməlidir. Ermənistan tərəfi Kərki kəndinin qaytarılması yönündə prosesə başlayıb. Gələcək münasibətləri nəzərə alaraq, münasibətləri normallaşdırmaq üçün sülh danışıqları aparılmalıdır. Rusiya-Ukrayna müharibəsi ilə bağlı elə proseslər gedir ki, bu, bizim regionumuz üçün də problemlər yarada bilər. Ona görə də proseslərin sürətli getməsi hər iki tərəf üçün faydalı ola bilər”.
Səxavət Məmməd
www.yenicag.az