“Yaxın vaxtlarda sülh müqaviləsini imzalamaq mümkün ola biləcək”.
Bu sözləri Cənubi Qafqazdakı vəziyyət, Paşinyanın müharibə təhlükəsinin olmadığını deməsini Yenicag.az-a dəyərləndirən politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, hazırda regionda müharibə təhlükəsi yoxdur:
“Regionda müharibə təhlükəsinin olmadığını mütləq formada demək bir qədər çətindir. Ancaq Paşinyanın dediyində həqiqət var. İndiyə qədər regionda müharibələri qızışdıran, qarşıdurma toxumu səpən Rusiya idi. Rusiyanın təhriki ilə tərəflər bir-biri ilə müharibə edirdi. Düzdür, Paşinyan fikirlərini tez-tez dəyişsə də, zənnimcə, o da regionda sülh istəyir. Ermənistan Avropa İttifaqına inteqrasiya etmək istəyir. Bu səbəbdən də, o, qarşıdurmaya meyllilik nümayiş etdirmir. Azərbaycan tərəfi də sülh istəyir. Hər iki dövlət sülh arzusundadır. Bu da ümid yaradır ki, yaxın vaxtlarda sülh müqaviləsini imzalamaq mümkün ola biləcək”.
Səxavət Məmməd
www.yenicag.az