İrəvandan təəccüblü ADDIM: Paşinyanın çağırışı nəyə HESABLANIB?
“Ermənistanın baş naziri ABŞ-də Azərbaycanın təqdim etdiyi sülh sazişini paraflamaqla üzərinə öhdəliklər götürüb. Azərbaycan Prezidenti Kəlbəcərdə kəlbəcərlilərin öz tarixi yurdlarına qayıdışı ilə bağlı keçirilən tədbirdə bu məsələyə bir daha toxundu. O bildirdi ki, Ermənistan həm Zəngəzur dəhlizi ilə bağlı öhdəlik götürüb, həm də Azərbaycanın irəli sürdüyü sülh prinsipləri əsasında müəyyən addımlar atmağı qəbul edib”.
Bunu Yenicag.az-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Millət vəkili Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkəsinin Azərbaycanla gediş-gəlişi sadələşdirməyə hazır olması ilə bağlı səsləndirdiyi bəyanat, eləcə də rəsmi İrəvan sülh strategiyası ilə bağlı apardığı siyasəti şərh edib.
Onun sözlərinə görə, bu öhdəliklərə, ilk növbədə, yolun açılması, Zəngəzur dəhlizinin istifadəyə verilməsi və azərbaycanlıların bu yoldan maneəsiz keçidi daxildir:
“Prezidentin sözlərinə görə, bu, mütləq baş verəcək, çünki başqa alternativ mümkün deyil. Paşinyanın biometrik pasportlarla sərhəd keçidini inkişaf kimi təqdim etməsi də, əslində, maneəsiz keçidin təmin olunmasına xidmət edir. Belə ki, biometrik pasport məlumatları əvvəlcədən xüsusi texniki mərkəzlərə ötürülə bilər və vətəndaşlar heç bir yoxlamaya məruz qalmadan Ermənistan ərazisindən keçərək Ermənistan sərhədçilərini görmədən birbaşa Naxçıvana və oradan qardaş Türkiyəyə gedə bilərlər”.
Müsahibimizin fikrincə, şübhəsiz ki, dəmiryolu xətlərinin açılması böyük iqtisadi və ticarət potensialı yaradacaq:
“Bu, Ermənistanda da müəyyən rifah artımına səbəb olacaq. Lakin Azərbaycan Prezidenti Kəlbəcərdə çıxışı zamanı bir daha vurğuladı ki, xalqımız ermənilərin bizə qarşı törətdiyi soyqırımları heç vaxt unutmamalıdır. Buna görə də iqtisadi, mədəni və humanitar əlaqələr bərpa olunsa belə, biz həmişə kiminlə münasibətlər qurduğumuzu və onların tarix boyu xalqımıza hansı faciələr yaşatdıqlarını xatırlamalıyıq”.
Rafi Müslümov