“Rusiya Ermənistanda terror aktı törədə bilər, hərbi çevriliş etməyi bacarar, ancaq ermənilər arasında Moskvanın dayaqları laxlayıb, sarsılıb”.
Bu fikri Ermənistan tərəfinin Zəngəzur dəhlizində üçüncü ölkənin olmayacağını açıq şəkildə bəyan etməsi, Rusiya Ermənistan arasındakı gərginliyi Yenicag.az-a dəyərləndirən politoloq Zərdüşt Əlizadə deyib. Zərdüşt Əlizadənin sözlərinə görə, Rusiyanın Ermənistana etiraz etmək imkanı yoxdur.
“Azərbaycanla Ermənistan arasında münasibətlər gərginləşdi, danışıqlar dayandı, sonda müharibə oldu. İndi Rusiya ilə Ermənistan arasında münasibətlər gərginləşir. Əvvəlki razılaşmaları kənara atırlar. Ermənistan vəziyyəti dəyişmək istəyir. Ermənistan istəyir, suverenliyini möhkəmləndirsin. Ermənistan təbii ki, Rusiyaya müharibə elan edə bilməz. Ermənistan Ukrayna, ABŞ, Çin deyil. Ermənistan kiçik dövlətdir, Rusiya ilə sıx əlaqələri var. Bəzi sahələrdə bu əlaqələri inkişaf etdirir, misal üçün ticarət sahəsində, bəzi sahələrdə isə bu əlaqələri xeyrinə dəyişmək istəyir. Rusiyanın da buna etiraz etmək imkanı yoxdur. Çünki ikitərəfli müqavilələrdir. Bir tərəf istəmirsə, demək razılaşma da bitir. Əbədi heç nə yoxdur”, – deyə o vurğulayıb.
Politoloq əlavə edib ki, Ermənistan Rusiyanın qızılını, almazını dünyaya satır, Rusiyaya lazım olan maşınları və çipləri də gətirir. “Ancaq Ermənistan deyir ki, istəmirəm, İranla sərhədimi qoruyasan. Rusiya 10 noyabr bəyanatının 9-cu bəndini əsas gətirir, Ermənistan tərəfi də istəmədəyini bəyan edir. Ermənistan bir azdan Rusiyanın bazasını da istəməyəcək, silahını istəmir, artıq Fransadan, Hindistandan silah alır. Ermənistana indi Rusiya sərf etmir, ona görə də, üz tutub Avropaya, ABŞ-yə. Nəzəri olaraq, Rusiya Ermənistanda terror aktı törədə bilər, hərbi çevriliş etməyi bacarar, ancaq ermənilər arasında Moskvanın dayaqları laxlayıb, sarsılıb”, – deyə o qeyd edib.
Səxavət Məmməd
www.yenicag.az