!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

İşdən çıxarılan müəllimdən İNTİHAR XƏBƏRDARLIĞI: “Bezmişəm, özümə qəsd edəcəm...”

!Reklam – Yazi

“Çalışdığım müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib”.

Yenicag.az-a müraciət edən Səbail rayonu Etibar Əliyev adına 162 nömrəli tam orta məktəbin müəllimi Elnarə Qasımova həmin məktəbin direktoru Arzu Nəzərova tərəfindən əsassız olaraq işdən çıxarıldığını bildirib.

Elnarə Qasımovanın sözlərinə görə, 14 il fiziki tərbiyə müəllimi işlədiyi məktəbdə pandemiya dövründə müəyyən səbəblərlə əlaqədar onlayn dərslərə qoşula bilməyib və buna görə məktəb direktoru tərəfindən işdən çıxması barədə ərizə yazması tələb olunub:

“Öhdəliyimdə 8 yaşlı qızım var. Pandemiya dövrü başlayandan onlayn dərslərdə iştirak edə bilmədim. Çünki onlayn dərslərə qızımın qoşulması üçün telefonumu ona verirdim. Digər hallarda məktəbin direktoru Arzu Nəzərova məni nə vaxt çağırıbsa, işimdə olmuşam və növbətçi qalmışam.

Bu il fevralın 15-də direktor məni məktəbə çağırdı və yüksək səslə məni işdən çıxardığını dedi. Lakin ərizəni könüllü şəkildə özümün yazmağımı istədi. Səhlənkarlıq etmişəmsə, buna görə üzrxahlıq da etdim. Mənə dedi ki, qonşudan telefonu alıb dərslərə qoşula bilərdin. İşdən çıxmaqla bağlı ərizə yazmağım üçün mənə 3 gün vaxt verdi.

Hər ay vaxtında əməkhaqqı almışam. Heç bir töhmətim olmayıb və xəbərdarlıq almamışam. Birdən-birə işdən çıxarılmağım mənə qəribə gəlir. Arzu Nəzərova məktəbə direktor təyin ediləndən nələr çəkdiyimə Allah şahiddir. Keçən il dərs saatlarımı kəsdi. Səbəbini soruşanda dedi ki, az bal yığmısan. Mənimlə eyni bal yığanların ən azı 26 saat dərs apardığını desəm də, bildirdi ki, onların məcburi köçkün statusu var.

Arzu Nəzərova mənə sinif rəhbərliyi verdiyini demişdi. Onunla razılaşmışdım. Bir gün məktəbin “zavuç”u Zahirə Allahverdiyeva 50 manat verməyimi istədi. Səbəb sinfin təmiri ilə bağlı idi. Məktəbin dəhlizində digər müəllimlə bu barədə danışdığım üçün direktor məni otağına çağırmışdı. Yüksək səslə mənim sinifin təmiri üçün pul verməyəcəyimi bildirdi. Bu barədə kimə dediyimi soruşsam da, “dediyin deyib” cavabını aldım.

Daha sonra bildirdi ki, bütün müəllimlər mənim sinif rəhbərliyinin öhdəsindən gələ bilmədiyimi deyiblər. Halbuki sinif rəhbəri olduğum müddət ərzində sinfə aid bütün məsələləri həll etmişəm, sinifdə hər bir şəraiti yaratmışam. Hətta bəzi məsələlərdə öz cibimdən pul da qoymuşam. Hər gün dərsimin olub-olmamasından asılı olmayaraq, uşaqları özüm qəbul edirdim və daha sonra valideynlərə təhvil verirdim.

Mən eyni zamanda, 35 saylı Xətai Üçüncü Seçki Dairəsində 35 saylı məntəqə seçki komissiyasının katibiyəm. Seçkilər başlayan ərəfədə sənədlərimi qanuni şəkildə təqdim etmişdim. O gündən sonra məktəbin “zavuç”u və valideynlər ayağa qaldı ki, biz Elnarəni istəmirik, başqa sinif rəhbəri təyin edin. Səbəb budur ki, mən seçkilərdə olan müddət ərzində uşaqlar ortada qalıblar.

Valideynlərlə bu barədə danışanda bildirdilər ki, onlar mən geri qayıdana kimi müvəqqəti başqa sinif rəhbərinin təyin edilməsini istəyiblər. Halbuki məktəb rəhbərliyi mənə tamamilə başqa məlumat vermişdi. Bir gün “zavuç” Zahirə müəllimə məni məktəbə çağırıb dedi ki, ərizə yazım və sinif rəhbərliyi pulumu yeni təyin olunacaq sinif rəhbəri alsın. Seçkilər bitəndən sonra bərk xəstələndim, bir həftəlik bülleten götürdüm və daha sonra da pandemiya başladı”.

Elnarə Qasımova qeyd edib ki, işlədiyi müddət ərzində bir çox məsələlərdə haqsızlıqla üzləşib:

“Məktəbdə 8C sinfində dərs keçirdim. Qrupun yarısı məndə, yarısı isə Aidə müəllimədə idi. Aidə müəllimə öz qrupuna dərs keçən zaman bir uşaq yıxılmışdı. Səhəri gün “zavuç” müəllimləri öz otağına yığdı. Mənə qışqıraraq, “Elenanın ölümü sənə dərs olmadı”, – deyə soruşdu. O an halım pisləşdi. Özümə gələndə dedim ki, yıxılan uşaq mənim qrupumda olmayıb. Həmçinin bu məktəbdə yeganə müəlliməyəm ki, Elenanın ailəsi ilə münasibətdəyəm. Daha sonra həmin sinfi və rəhbərliyini məndən aldı. Valideynlər bildirdi ki, o sinifdən getsəm, uşaqlarını məktəbdən çıxaracaqlar. Ona görə də sinif rəhbərliyim yenidən bərpa olundu. Sinfimdəki şagirdlərdən birinin valideyni xəbər portalının rəhbəridir. Onun araşdırmasından sonra məni çağırdılar ki, gəl, hər şeyi yoluna qoyaq.

İşlədiyim müddət ərzində digər məsələlərdə də mənə qarşı ayrı-seçkilik edilib. Yay aylarında şagirdlər məktəbdə olmadığı halda dırnaqlarımın uzun olmasına görə söz deyilib. Hansı ki, məktəbdə hər bir müəllimənin dırnaqları uzun olub. Yaxud da, digər müəllimlər işə şalvarda gəldiyi halda, məndən “yubka”da gəlməyim tələb olunub. Mən də ona görə məktəbə həmişə “yubka”da gəlmişəm.

Xahiş edirəm ki, qeyd etdiyim bu məsələlərlə bağlı ölçü götürülsün. Artıq hər şeydən bezmişəm. İşdən çıxarılmağım haqda qərar ləğv olunmasa, özümə qəsd edəcəm”.

162 nömrəli tam orta məktəbin direktoru Arzu Nəzərova isə Yenicag.az-a açıqlamasında bildirib ki, Elnarə Qasımovanın irəli sürdüyü iddialar əsassızdır və onun işdən çıxarılması barədə qərar yoxdur:

“Elnarə Qasımova distant təhsil başlayandan bir dəfə də olsun, dərslərə qoşulmayıb. Onun bizdə heç bir əlaqə nömrəsi olmayıb. Həmin müəllimənin işdən çıxarılması ilə bağlı heç bir söhbət olmayıb.

Sadəcə olaraq, onlayn dərslərə qoşulmaması, gəlib jurnalı yazmamasının və qiymətləndirmə aparmamasının səbəbləri soruşulub. Nazirin əmri ilə bütün müəllimlər birinci yarımilin yekununda qiymətləndirmə aparmalıdır. Lakin Elnarə Qasımova tərəfindən bu qiymətləndirmə aparılmayıb. O, bununla bağlı məktəbə dəvət olunub və izahatı alınıb”.

Gülşən Şərif

www.yenicag.az

2326
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv