“İşğala icazə” iddiaları: Tramp-Netanyahu xətti yeni gərginlik YARADIR

media-hightechnic-468x90

“Trampın üslubunda İsrailə dəstək açıq şəkildə ifadə olunsa da, bunun konkret “işğala icazə” kimi təqdim edilməsi real siyasət baxımından suallar doğurur”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Tural İsmayılov deyib.

media-turalismayilov1

O, İsrailin Baş naziri Benyamin Netanyahunun ABŞ Prezidenti Donald Trampdan İordan çayının qərb sahilini işğal etmək üçün icazə istədiyi ilə bağlı yayılan xəbərləri şərh edib.

Politoloq bildirib ki, Netanyahunun belə bir addım üçün Trampdan icazə istəməsi barədə yayılan xəbərlər əslində regionun həssas geosiyasi reallıqları ilə bağlıdır.

“ABŞ-İsrail münasibətləri tarixi ittifaq xarakteri daşıyır və Tramp administrasiyası dövründə bu əlaqələr daha da yaxınlaşıb. Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması və Qolan təpələrinə dair mövqeyi buna misal ola bilər. Lakin İordan çayının qərb sahilinə dair məsələ daha mürəkkəbdir. Çünki bu addım beynəlxalq hüquq və BMT qətnamələri ilə ziddiyyət təşkil edə bilər”.

Onun sözlərinə görə, ABŞ öz müttəfiqlərinə dəstək versə də, belə açıq “icazə” ritorikası Vaşinqton üçün çətin nəticələr doğura bilər:

“Xüsusilə ərəb dünyası və Avropa İttifaqı prosesə kəskin reaksiya göstərə bilər. Tramp administrasiyası isə seçkilər, daxili siyasi balanslar və Yaxın Şərqdəki nüfuzunu qorumaq kimi faktorlara da nəzər salır. Netanyahu üçün isə əsas hədəf İsrailin təhlükəsizlik və strateji mövqeyini möhkəmləndirməkdir. İordan çayının qərb sahili ilə bağlı istənilən qərar İsrail daxilində də mübahisələr doğurur. ABŞ rəhbərliyi isə belə mövzulara adətən “de-fakto” dəstək verir, amma rəsmi şəkildə icazə formatı nadir hallarda müşahidə olunur”.

Müsahibimiz əmindir ki, Trampın üslubunda İsrailə dəstək açıq şəkildə ifadə olunsa da, bunun konkret “işğala icazə” kimi təqdim edilməsi real siyasət baxımından suallar doğurur:

“Çünki bu, ABŞ-nin vasitəçilik imkanlarını minimuma endirə bilər. Eyni zamanda, ABŞ administrasiyası Fələstinlə bağlı danışıqlar prosesini tamamilə kənara ata bilməz. Ona görə də belə bir addım Tramp tərəfindən ehtiyatla ölçülüb-biçiləcək məsələdir. Daha real olan ssenari odur ki, ABŞ qeyri-rəsmi şəkildə İsrailin mövqeyinə dəstək göstərsin. Lakin bunu açıq şəkildə elan etmək Vaşinqtonun diplomatik mövqelərinə mənfi təsir edə bilər. Ümumilikdə, bu məsələ Yaxın Şərqdə yeni siyasi gərginlik dalğası yarada biləcək həssas mövzudur. ABŞ-nin qərarı isə həm regional, həm də qlobal siyasi balansı ciddi şəkildə dəyişdirə bilər”.

Nəsimi Ələsgərli

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 22.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa