Bakıda 90 yaşlı ananın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qoyulduğu videonu 44 günlük Vətən Müharibəsi qazisi Ziya Abbasovun çəkdiyi iddia olunur.
Yenicag.az xəbər verir ki, polis şöbəsinə çağırılan Əkbər Abbasov Lent.az-a açıqlamasında videonun oğlu Ziya tərəfindən çəkildiyini və anlaşılmazlıq olduğunu deyib:
“Video oğlum Ziya və yoldaşım Kəmalə tərəfindən çəkilib. Yoldaşımla bacımın münasibəti yaxşı deyil. Bacım Naxçıvanda yaşayır. Bacım yoldaşıma “Anama yaxşı baxmırsan” dediyi üçün yoldaşım videonu çəkib atıb”.
Onun sözlərinə görə, anası hazırda bacısının yanında Naxçıvandadır:
“Video 6-7 ay qabaq çəkilib. Anam Naxçıvandadır, gətirəcəm yanıma. Hazırda münasibət pisləşdiyi üçün videonu qəsdən yayıb”.
***15:10
Bakıda işgəncəyə məruz qaldığı bildirilən qadınla bağlı video 7 ay əvvəl çəkilib.
Bu barədə Yenicag.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sözçüsü Teymur Mərdanoğlu məlumat verib.
Sosial şəbəkə və xəbər portallarında oğlu və gəlini tərəfindən yaşlı qadına qarşı qeyri-insani rəftar olunması ilə bağlı görüntülərin yayıldığını xatırladan T.Mərdanoğlu bildirib ki, dərhal aidiyyəti üzrə faktın araşdırılmasına başlanılıb.
Onun sözlərinə görə, ünvan müəyyən olunub və qadının oğlu ərazi üzrə polis bölməsinə dəvət olunub.
Məlum olub ki, videoda əksini tapan görüntülər yeddi ay əvvəl çəkilib, hazırda isə yaşlı qadın Naxçıvan şəhərində qızının yanındadır.
Faktla bağlı araşdırmalar davam etdirilir.
*** 12:30
90 yaşlı qadın oğlu və gəlini tərəfindən işgəncələrə məruz qalır.
Yenicag.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə video yayılıb.
Yaşlı qadının Buzovna qəsəbəsində qaldığı iddia olunur. Adının Şərabanu, oğlunun adının isə Əkrəm olduğu deyilir.
Daxili İşlər Nazirliyindən məlumat verilən məlumata görə, məsələ ilə bağlı araşdırma başladılıb.
www.yenicag.az