Maraqların təmin edilməsi üçün savaşa çıxan dövlətlərin geniş siyahısını nəzərə alaraq, son dövrün münaqişələrini 3-cü dünya müharibəsinin təcəssümü kimi də qiymətləndirirlər. Amma hansı adla çağırılmasının fərqi yoxdur, söhbət dünyanın deyil, daha çox Yaxın Şərq coğrafiyasının yenidən bölüşdürülməsindən, bu ərazinin maddi sərvətlərinə hakim olmaq üçün aparılan savaşlardan gedir. Bölgənin təbii sahibi olan müsəlman dövlətlərin passiv mövqeyi, maraq savaşına çıxanların isə xristian kökənli olmaları bəzən bu müharibələrin “növbəti səlib yürüşləri” kimi dəyərləndirilməsinə yol açsa da, mövcud qarşıdurmanın maddi maraq üzərində kökləndiyi gizli qalmadı.
Bölgəyə müdaxilənin “kimyəvi silah axtarışı”, “nüvə silahı istehsalının qarşısının alınması”, “insan haqlarının müdafiəsi”, “demokratik inkişafa dəstək verilməsi” kimi humanitar prinsiplərlə pərdələnməsi də mümkün olmadı. Münaqişənin uzanması təhlillər aparmağa, dünya güclərinin maddi sərvətlərlə zəngin olan coğrafiyaya sahiblənmək uğrunda savaşdıqlarını aydınlaşdırmağa imkan verdi. Əgər baxışlar durulursa, hədəf bəlli olursa, müdafiə olunmaq, düşmənə cavab vermək də asanlaşır. Təəssüf ki, Yaxın Şərq savaşının detallarının aydınlaşdığı, hücum edənlərlə müdafiə olunanların, aranı qatanlarla təzyiqə məruz qalanların kimliyi müəyyənləşən dönəmdə bölgəni yadlara yem edəcək yeni mövzu tapıldı. Regionun iki güclü dövlətinin – İranla Səudiyyə Ərəbistanının qarşıdurmaya getməsi Yaxın Şərq düyününün çözülməsini, region əhalisinin zülmdən qurtarmasını uzun illərin öhdəsinə buraxır. İranla Səudiyyə Ərəbistanının min illər boyu bölgənin bəlasına çevrilmiş, onu tarixin inkişafından kənar salmış məzhəb davasının qızışması deməkdir. Siyasi şərhçilər bu münaqşənin nüfuz savaşı olduğunu isbatlamağa çalışırlar. Qeyd edirlər ki, son zamanlar önə çıxmış İran-Qərb yaxınlaşması bölgədə yeni durum yaradır. Uzun müddət fundamental islamçı kəsim arasında Qərbin yaxın müttəfiqi olmuş Səudiyyə Ərəbistanı isə buna qısqanclıqla yanaşmış, prosesi pozmaq üçün adevkat addımlar atmağa məcbur olmuşdur. O, ənənəvi fars-ərəb qarşıdurması fonunda İranın bölgədə önə çıxması ilə razılaşmır.
Amma deyilənlər problemin yükünü azaltmır. Nə qədər əsaslandırılmış təbliğat aparılsa da, ümumi fikir yenə də məzhəb savaşının üzərində köklənir. Geniş yayılan fikir budur ki, münaqişənin motivi İslam dünyasında hansı məzhəbin söz sahibi olması ilə bağlıdır: “İranın savaşdan qalib çıxması bölgədə şiə məzhəbinin, Səudiyyə Ərəbistanın qalibiyyəti isə sünni məzhəbin önə çıxmasını şərtləndirəcək”.
İran və Səudiyyə Ərəbistanının savaşa hazırlıq dönəmində müttəfiq axtararkən məzhəb mənsubiyyətinə görə seçim etmələri də, baş verənlərin “din davası” müstəvisində şərhinə yol açır. Səudiyyə İrana qarşı 34 dövlətdən ibarət beynəlxalq koalisiya yarada bilib ki, bunların da sırasında məhz sünni məzhəbinə mənsub olanlar yer tutur. “34-lər koalisiyası” terrorla mübarizə adı altında Yəməndə husilər, Livanda hizbullahçılar, Bəhreyndə isə şiələri hədəfə almaqla, mahiyyətcə şiələrə qarşı bir savaş aparıldığını deməyə əsas yaradır.
Amma Ər-Riyadın şiə lideri Nimr ən-Nimrinin və daha 46 nəfərin edam etməsilə başlanan, daha sonra Yəməndə yerləşən İran səfirliyinin bombalanması ilə davam edən proseslər doğurdanmı İslama xidmətdir?
Yaxud, Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və Məşhəd şəhərindəki konsulluğuna edilən hücumlar İslamın inkişafına təkandırmı? Təbii ki, yox. Bu münaqişə, qlobal dünyanın müqəddəratı üçün strateji əhəmiyyət daşıyan Yaxın Şərq bölgəsinə sahiblənmək uğrunda yad güclərin apardıqları oyunlara xidmətdən başqa bir şey deyil.
İslam dünyasının inkişafı üçün ən yaxşı modeli Azərbaycan və Türkiyə təqdim edib. 2015-ci ilin son günlərində, dekabr ayında Azərbaycanda rəsmi səfərdə olan Türkiyə baş naziri Əhməd Davudoğlu görüşlərini yekunlaşdırdıqdan sonra namaz qılmaq üçün “Göy məscid”ə getdi. Davudoğlu məsciddə sadə vətəndaşlarla birgə cümə namazını qıldı. Onu, cümə namazında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Hacı Allahşükür Paşazadə müşaiyət etdi. Rəsmi statistikaya görə, Azərbaycan əhalisinin əksəriyyəti şiə, Türkiyə əhalisinin çoxluğu isə sünni məzhəblidir. Hər iki icmanın rəsmi təmsilçiləri eyni anda, eyni məsciddə namaz qılmaqla, biri digərini müşayiət etməklə, İslama məzhəb ayrılığını qızışdırmaqla deyil, icmaları yaxınlaşdırmaqla xidmət etməyin mümkünlüyünü göstərdilər. Təsadüfi deyil ki, Azərbaycan və Türkiyə bu bölücülüyə ağıllı yanaşmaqla “bir millətin iki qardaş dövlətinə çevrilməyi” bacarıb. Bu modeli tətbiq etməklə bütün İslam aləmini qurtuluşa çatdırmaq mümkündür.(milli.az)
www.yenicag.az