Təhlükəsizlik kəmərləri qadınlar üçün uyğun deyil? – ARAŞDIRMA: "Qadınların ölüm riski 60 faiz çoxdur"

media-hightechnic-468x90

Qəza zamanı qadınların xəsarət alma riski kişilərə nisbətən 60 faiz daha yüksəkdir. Avstriyalı alimlərin apardığı araşdırma avtomobil sənayesindəki köklü bir problemi ortaya çıxarıb: Təhlükəsizlik sistemləri illərdir kişi anatomiyasına uyğun hazırlanıb.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, Graz Texnologiya Universitetinin 2012–2024-cü illəri əhatə edən genişmiqyaslı araşdırması göstərib ki, yol-nəqliyyat hadisələri zamanı qadınlar daha ağır nəticələrlə üzləşirlər. Hətta daha aşağı sürətli qəzalarda belə, qadınların xəsarət alma ehtimalı kişilərdən 60 faiz çoxdur.

media-otomobiller-kadinlari-yeterince-korumuyor-carpici-arastirma-1794108_202606011352_20260601135242_1

Araşdırma müəllifləri qeyd edirlər ki, avtomobil sənayesində onilliklər boyu istifadə olunan qəza sınağı manekenlərinin böyük əksəriyyəti orta ölçülü kişi bədən quruluşunu təmsil edib. Nəticədə təhlükəsizlik kəmərləri, hava yastıqları və oturacaq sistemləri də əsasən kişi anatomiyasına uyğunlaşdırılıb.

Tədqiqat çərçivəsində 2012–2024-cü illər ərzində Avstriyada qeydə alınan yol qəzalarının məlumatları təhlil edilib, daha sonra qəza sınaqları və virtual insan modelləri vasitəsilə hadisələr yenidən modelləşdirilib.

Əldə olunan nəticələr göstərib ki, eyni gücdə baş verən toqquşmalar zamanı qadınlarda boyun, döş qəfəsi, çanaq və ayaq nahiyələrində daha ağır xəsarətlər qeydə alına bilər. Fərq xüsusilə ön və yan toqquşmalarda daha qabarıq müşahidə olunur. Ən yüksək risk qrupunu isə yaşlı qadınlar təşkil edir.

Mütəxəssislərin sözlərinə görə, son illərdə qadın anatomiyasını daha dəqiq əks etdirən yeni nəsil qəza sınağı manekenlərinin tətbiqinə başlanılsa da, mövcud təhlükəsizlik standartlarının hələ də təkmilləşdirilməsinə ehtiyac var.

Araşdırmada qeyd olunur ki, uzun müddət istifadə edilən qadın manekenlərinin əksəriyyəti əslində ölçüləri kiçildilmiş kişi modelləri əsasında hazırlanıb və bu, qadın bədəninin biomekanik xüsusiyyətlərini tam əks etdirməyib.

Bundan əlavə, qadınların orta hesabla daha qısa boylu olması və sükan arxasında daha irəli mövqedə əyləşməsi də qəza zamanı bədənin hərəkət dinamikasına təsir göstərərək xəsarət riskini artıran amillərdən biri hesab olunur.

Tədqiqat müəllifləri hesab edirlər ki, gələcəkdə avtomobil təhlükəsizlik sistemlərinin hazırlanması zamanı qadın anatomiyasının daha geniş nəzərə alınması yol qəzalarında xəsarətlərin azalmasına mühüm töhfə verə bilər.

Ayşən

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05