İsrail HƏRƏKƏTƏ KEÇDİ: “HƏMAS atdığı addımla öz varlığına son qoyulmasının başlanğıcını qoydu”
“İsrailin 2023-cü ilin 7 oktyabrında HƏMAS-ın dinc sakinlərə qarşı etdiyi terror hadisəsindən sonra sözügedən qruplaşmanı- birdəfəlik bitirmək planına başladığı məlum idi. Çünki atəşkəslə əlaqəli aparılan danışıqlar, girov götürülmüş insanların canlı və ya cəsədlərinin – bəzi girovların ölmüş olma ehtimalları da böyükdür – geri qaytarılması məsələləri sadəcə vaxt qazanmaq məqsədi daşıyırdı”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Qasımov deyib.
Siyasi təhlilçi rəsmi Təl-Əvivin Qətərin vasitəçiliyi ilə davam edən İsrail-HƏMAS danışıqlarından geri çəkilməsi və adıçəkilən qruplaşmanın məhv edilməsi ilə bağlı yaydığı məlumatları şərh edib.
Analitik əmindir ki, HƏMAS atdığı addımla öz varlığına son qoyulmasının başlanğıcını qoydu:
“İsrail hakimiyyəti də HƏMAS-ın normal şəkildə siyasi təşkilat kimi fəaliyyət göstərməsinin mümkün olmadığına qənaət gətirdi. Belə ki, Benyamin Netanyahunun HƏMAS-a hətta maliyyə yardımları etdiyi belə deyilirdi ki, guya HƏMAS Qəzzada tikinti-quruculuq işləri ilə məşğul olacaq, İsraillə düşmənçilikdən əl çəkəcək. Ancaq HƏMAS bu maliyyə dəstəyini tunellər tikməyə, silah istehsal edən kustar laboratoriyalar yaratmağa sərf etdi. Bundan sonra da Netanyahu gördü ki, HƏMAS silahlandırılır”.
Onun sözlərinə görə, il yarımdan çoxdur ki, İsrail Qəzzada HƏMAS-ı bitirməklə məşğul olur və böyük ölçüdə də buna nail olub:
“Netanyahunun sona qədər gələcəyi kəsindir. O bir daha imkan verə bilməz ki, HƏMAS yenidən dirçəlsin. İsrail yeni dünya nizamına HƏMAS və Qəzza problemi olmadan daxil olmalıdır. Göründüyü kimi, Tramp da belə fikirləşir ki, Qəzzanın ona verilməsini istəyir. Hesab edirəm ki, Netanyahu öz istəyini tamamı ilə həyata keçirəcək”.
Mütəxəssisin fikrincə, Fələstin xalqının bu günə düşməsindən HƏMAS məsuliyyətlidir:
“HƏMAS-ın yürütdüyü yanlış siyasət Fələstin xalqının Qəzzada yaşayan hissəsini yoxolma təhlükəsi ilə üzləşdirib. Bu baxımdan da HƏMAS bir siyasi təşkilat kimi siyasi arenadan çıxmalıdır. Göründüyü kimi də HƏMAS-ın siyasi və hərbi qanadının bütün liderləri məhv edilib. Mühəmməd Deuf, Yahya Sinvar, İsmail Haniyə öldürüldü. Tək Xalid Məşəl Qətərin paytaxtı Dohada yaşayır. Onların Fələstin xalqının qanı üzərindən milyardlarla sərvətə malik olduqları da bir həqiqətdir”.
Rafi Müslümov