“Livanla İsrailin münasibətləri gərginləşib və müharibə həddinə çatıb”.
Bunu Yenicag.az-a açıqlamasında mümkün İsrail-Livan müharibəsinin geo-siyasi proseslərə təsirindən danışan politoloq Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, İsrail-Həmas qarşıdurması yaranan zaman münaqişənin geniş areala yayıla biləcəyi ilə bağlı narahatlıqlar var idi.
“Bu, yeni qlobal savaş təhlükəsi deməkdir. Hazırda isə Livanla münasibətlər gərginləşib və müharibə həddinə çatıb. Eyni zamanda, proses İsrail-Həmas toqquşmasının başqa əraziyə daşınması kimi də qiymətləndirilə bilər”, – deyə o bildirib.
Politoloqun sözlərinə görə, belə görünür ki, Yaxın Şərqdəki münaqişə ocağının arealı genişlənir.
“Yarana biləcək ən təhlükəli tendensiya isə Livanla müharibənin yaşanacağı təqdirdə, digər müsəlman dövlətlərin müdaxiləsidir. Nəticədə Yaxın Şərqin münaqişə məkanına çevrilməsi, daha sonra isə qlobal müharibənin başlaması kimi təhlükəli ehtimallar gerçək ola bilər”, – deyə politoloq bildirib.
Qeyd edək ki, HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Əbdel Salam Əhməd Haniyə bu gecə Tehranda, İran paytaxtının Şimran səmtindəki villada qətlə yetirilib. Bu hadisədən sonra regionda gərginliyin daha da artacağı proqnozlaşdırılır.
Nəsimi Ələsgərli
www.yenicag.az