İsrail Qəzzanın blokadasını yarmağa çalışan gəmiyə HÜCUM ETDİ
Qəzza zolağındakı blokadanı yarmağa çalışan “Azadlıq Donanması”na məxsus gəmi İsrailin pilotsuz uçuş aparatı (PUA) tərəfindən hücuma məruz qalıb.
Yenicag.az xəbər verir ki, bu barədə TASS “Al Jazeera” telekanalına istinadla məlumat yayıb.
Zərbədən sonra gəmidə yanğın baş verib. Ekipaj fəlakət siqnalı göndərib və ona Kipr Hərbi Dəniz Qüvvələri cavab verib. Hazırda gəmi beynəlxalq sularda, Maltanın sahillərində lövbər salıb.
Ötən həftə BMT-nin Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzada yaranmış humanitar böhranla bağlı xəbərdarlıq edib. Bildirilib ki, bölgəyə yardımın qarşısının alınması aclığın sürətlə yayılmasına səbəb olub.
“Qəzzada aclıq qəsdən yaradılıb və insan tərəfindən törədilib. Bu ərazi ümidsizlik zonasına çevrilib”, – deyə UNRWA-nın rəhbəri Filip Lazzarini “X” platformasında paylaşım edib.
Qeyd edək ki, martın 2-də İsrailin baş naziri Benyamin Netanyahunun qərarı ilə Qəzzaya humanitar yardımın çatdırılması dayandırılıb və bütün sərhəd keçid məntəqələri bağlanıb. İsrail tərəfinin açıqlamasına görə, bu addım HƏMAS-ın ABŞ-ın atəşkəs təşəbbüsünü rədd etməsi ilə əlaqədardır.