İştahanız kəskin artıbsa, səbəbi bu xəstəlik ola bilər

Bütün dünyada 2-ci tip şəkərli diabet xəstəliyinə tutulan insanların sayı ildən ilə artır.

Mütəxəssislər qeyd edir ki, 2-ci tip şəkərli diabetin müalicəsinə vaxtında başlanmazsa, orqanizmdə çox ağır pozulmalar (məsələn, ürək və böyrək çatışmazlığı) inkişaf edə bilər ki, bu da insanın həyatının qısalmasına səbəb olacaq.

Lakin ilk öncə diabeti vaxtında aşkar etmək lazımdır. Xəstəliyin ilk simptomundan biri iştahanın qəfildən artması və keçməyən aclıqdır. İnsan adi vaxtlardan daha çox qida qəbul etdiyinə baxmayaraq aclıq keçmir və daha da artır.

Yenicag.az saglamolun.az-a istinadən bildirir ki, şəkərli diabet zamanı orqanizm əsas enerji mənbəyi olan qlükozanı enerjiyə çevirə bilmir və daha çox qida tələb etməyə başlayır. Nəticədə qüsurlu dairə yaranır. İnsan daha çox yemək yeyir, lakin enerji yenə də çatmır, aclıq artır və s. Qidanın çoxlu miqdarda qəbulu həmçinin qanda şəkərin səviyyəsinin daha da artmasına səbəb olur ki, bu da orqanizm üçün çox təhlükəlidir.

Əgər siz özünüzdə iştahanın qəfil artması və keçməyən aclıq kimi simptomları müşahidə edirsinizsə, vaxt itirmədən həkimə müraciət edin.

2-ci tip şəkərli diabetin digər simptomları arasında:

sidik ifrazının artması (xüsusilə gecələr)
keçməyən susuzluq
səbəbsiz yorğunluq
səbəbsiz arıqlama
cinsiyyət orqanları nahiyəsində qaşınma
dəridə yara və kəsiklərin uzun müddət ərzində sağalmaması
bulanıq görmə