Azərbaycan dilində əcnəbiçiliyə MEYİLLİLİK: "Bu yersiz leksika milli kimliyimizə zərbə vurur"
“Ata-babalarımız daim böyük iradə nümayiş etdirərək dilimizin varlığını öz həyatları bahasına qorumuş və bugünkü nəsillərə ötürüblər. Belə mürəkkəb şəraitdə azadlığımız və ərazi bütövlüyümüz uğrunda mübarizə aparan görkəmli Azərbaycan ziyalılarının fəaliyyət mərkəzində ana dili məsələsi də aparıcı istiqamət olub”.
Bu fikirləri Bakı Dövlət Universitetinin Azərbaycan dili və nitq mədəniyyəti kafedrasının müəllimi filologiya üzrə fəlsəfə doktoru Pərvin Eyvazov Yenicag.az-a açıqlamasında bildirib.
Dilçi-alim bildirib ki, milli-ideoloji ruhun formalaşmasında, xalqın öz mənəvi gücünü, iradəsini ortaya qoymasında ana dili mühüm vasitə olub, bu gün də elədir:
“Ona görə də həm quzey, həm də güney Azərbaycan yaradıcılığında ana dili məsələsi həmişə aparıcı xətt olub. Həmçinin görkəmli dövlət xadimləri də daim Azərbaycan dilinin inkişafına diqqət və qayğı ilə yanaşıblar, xüsusilə sovet dövründə milli dil uğrunda aparılan mübarizədə bunu açıq-aşkar görmək mümkündür. XV əsr Azərbaycan ədəbiyyatının tanınmış şairi N.Kişvəri özünü müasiri – özbək əsilli türk şairi və mütəfəkkiri, türk dilində ilk “Xəmsə” müəllifi Ə. Nəvai ilə müqayisə edərək yazırdı ki, “Kişvəri şeiri Nəvai şeirindən əksüg iməs, Gər bəxtünə düşsəydi Sultan Hüseyni-Bayqara”.
Ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi, ana dilimizin qorunması, tanınması və tərəqqisi uğrunda uzun illər böyük əmək sərf edib. Ana dilimizə dərindən vaqif olan Ümummilli lider yaxşı bilirdi ki, dil hər bir xalqın milli varlığı kimi, onun milli fərdiliyini özündə ehtiva edən çox mühüm bir amildir”.
P. Eyvazov qeyd edib ki, dil insanlar arasında ən vacib ünsiyyət vasitəsi kimi siyasətlə birbaşa bağlı olan ictimai hadisədir:
“Buna görə də onun ictimai həyatda, dövlət quruculuğunda tutduğu mövqeyi müəyyənləşdirməyə həmişə böyük ehtiyac hiss edilir. Bu məsələnin həlli isə ancaq dövlət müstəvisində dilin siyasi sferasının düzgün şəkildə genişləndirilməsindən asılı olan perspektivli inkişaf nəticəsində baş verir. Müstəqil dövlətin dil siyasəti onun varlığı, inkişafı, gələcəyi məsələsidir. Bu baxımdan, cənab Prezidentin dilimizin tarixi və gələcək taleyi ilə bağlı görüşləri olduqca ciddi çağırışdır”.
Fəlsəfə doktorunun sözlərinə görə, dünyada, demək olar ki, saf dil yoxdur, xalqlar arasında söz mübadiləsi həmişə olub, bundan sonra da olacaq:
“Biz müxtəlif xalqlarla qonşuluq şəraitində yaşamış və ya siyasi-mədəni əlaqələr qurmuşuq. Bu əlaqələrin kökləri, ümumən tarixi yaddaşımızın izləri dilimizin hafizəsinə də əbədi həkk olub. Vaxtilə proseslər elə gedib ki, türkcə məişət dili səviyyəsində ünsiyyətə xidmət etmiş görkəmli türkoloq professor Bəkir Çobanzadənin dediyi kimi, “məscid və mədrəsələrə girmədiyindən” (yəni tədris dili kimi işlənmədiyindən) ədəbi səviyyədə ərəb-fars dillərinin güclü təsirinə məruz qalıb. Bu təsirlər də damla-damla milli yaddaşımızın göstəricisi olan dilimizdə elə dərin kök salıb ki, bu gün adi dil istifadəçisi bunun fərqinə varmır, ziyalı və mütəxəssisələr üçün də bu proses qarşısıalınmaz bir hala çevrilib. Hətta illərlə şəxs adlarının qoyulmasında əcnəbiçiliyə meyillilik güclü olub, indi də Avropa mənşəli adlara üstünlük verilir”.
P. Eyvazov vurğulayıb ki, gündəlik ünsiyyətdə əcnəbi leksikaya meyillilik həm də dəb halına çevrilib:
“Vaxtilə Bəkir Çobanzadə yazırdı ki, türkcədə qarşılığı olduğu halda, biz dilimizdə nəzakətlilik olsun deyə ərəb mənşəli “nəcis, nəcasət” sözlərini mədəni sayıb işlətmişik, ancaq həmin anlayışın ifadəçisi olan öz sözümüzü isə “qaba, kobud” hesab edib ünsiyyətdən kənarda saxlamışıq. Əslində, çox sayda belə örnəklər vermək olar. Məsələn, dilimizdə uzun müddət ərəb mənşəli “qeyrət”, fars mənşəli “namus” sözlərinin işlənməsini xalqımızın milli-mənəvi yaddaşında bu anlayışla bağlı təsəvvürün olmaması ilə əlaqələndirmək kimi düşüncələr, bəlkə də, əsrlər boyu antimmilli qüvvələr tərəfindən gələcəyə hesablanmış, sadəcə bizim fərqinə varmadığımız məkrli planın çox kiçik bir detalıdır. Halbuki dilimizin lüğət tərkibində müasir ədəbi dil baxımından arxaikləşmiş və ya dialektlərdə ünsiyyətə xidmət edən bu kimi alınmaların qarşılığı olan çoxlu sayda türk mənşəli sözlər vardır ki, vaxtilə siyasi-mədəni şərait nəticəsində ərəb-fars dillərinin təsiri ilə işlənmə tezliyini itirmişdir. Cənab prezidentin dilimizin lüğət tərkibi ilə bağlı xüsusi çağırışı da məhz bundan ibarətdir ki, beynəlxalq terminlər istisna olmaqla, bu gün dilimizdə yersiz şəkildə işlədilən əcnəbi leksika milli kimliyimizə zərbə vurur. Xüsusilə ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlıların nitqində əcnəbiləşmənin güclənməsi haqlı olaraq milli kimliyə ciddi təhdid kimi dəyərləndirilir. Sevindirici haldır ki, bu həssas milli məqam dövlət başçısı səviyyəsində xüsusi narahatlıqla səsləndirilir və problemin diqqət mərkəzində saxlandığı vurğulanır”.
Dilçi-alim xaricdə yaşayan azərbaycanlıların da ana dilini mükəmməl bilməsi üçün onlayn məktəblər və tədris imkanlarının genişləndirilməsinin vacib olduğuna diqqət çəkib:
“Azərbaycanlıların yaşadıqları xarici ölkələrdə onların öz ana dillərində mükəmməl danışmalarına xüsusi şərait yaradılması olduqca vacib məqamdır. Bu məsələdə Azərbaycan dövlətinin dəstəyi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə ana dilimizin beynəlxalq miqyasda təbliği, tədrisi və tədqiqi istiqamətində mühüm təşəbbüslər həyata keçirilib. Bir çox xarici ölkələrdə Azərbaycan dili və mədəniyyət mərkəzləri yaradılıb. Heydər Əliyev Fondunun bu sahədəki dəstəyi də təqdirəlayiqdir. Dilimizin beynəlxalq miqyasda təbliği yönündə Pekin Xarici Dillər Universitetində Azərbaycan dili kafedrasının gördüyü işləri xüsusi qeyd etmək lazımdır. 2018-ci ildə Türkiyədə Azərbaycan dili ilə bağlı ilk dəfə irihəcmli monoqrafik tədqiqat – Fırat Universitetinin professoru Süleyman Kaan Yalçının “Azerbaycan Türkçesi Grameri” kitabı Bakı Dövlət Universitetinin dilçi alimlərinin mənəvi dəstəyi ilə işıq üzü görmüşdür. Şübhəsiz ki, belə nümunəvi addımlar çoxdur. Ancaq bu prosesin daha geniş miqyasda, sistemli və müasir çağırışlar səviyyəsində aparılmasına ciddi ehtiyac vardır. Təbii ki, bu mexanizm dövlət başçısının nəzarəti ilə icra olunmalı və bu işdə maddi-mənəvi resurslarımız düzgün idarə edilməli, obyektiv sistem qurulmalıdır. Ölkəmizin elmi-mədəni, siyasi-iqtisadi əlaqələr qurduğu və soydaşlarımızın yaşadıqları xarici ölkələrdə elm, təhsil və mədəniyyət müəssisələrinin təşəbbüsü ilə Azərbaycan dili və mədəniyyət mərkəzlərinin coğrafiyasının genişləndirilməsi vacib məqamlardan biri hesab oluna bilər”.
“Əslində, bəlkə də, günümüzün tələbidir ki, ölkəmizdə vahid mərkəzdən idarə olunan belə sistem formalaşdırılsın. Məsələn, Türkiyədə Yunis Əmrə İnstitutunun türk dili və ədəbiyyatının təbliği sahəsində gördüyü işlər hamıya məlumdur. Dünyanın əksər ölkələrində bu institut türk dilinin təbliği ilə ciddi məşğul olur. Düşünürəm ki, gələcəkdə dilimizin qorunması və xüsusilə xarici ölkələrdə yaşayan azərbaycanlılara, o cümlədən çağdaş nəsillərə aşılanmasında, təbliğində həmin ölkələrdə fəaliyyət göstərmək imkanına malik olan belə institut formalaşdırmaq olar. Və bu prosesə xaricdə yaşayan və fəalliyyət göstərən vətənpərvər iş adamlarını, ziyalıları və gəncləri cəlb etməklə ana dilimizin beynəlxalq nüfuzunu daha da gücləndirmək olar”, – P. Eyvazoğlu fikirlərini yekunlaşdırıb.












