!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Kadr islahatı bitdimi? – Dəyərləndirmə

!Reklam – Yazi

Azər HƏSRƏT, [email protected]

Prezident İlham Əliyev çevik bir gedişlə hökuməti formalaşdırdı. Xeyli dəyişiklik var. Özü də yaxşı dəyişiklik. Özəlliklə də nisbətən gənc kadrların önə çəkilməsi, parlamentdə öz təcrübəsilə seçilən deputatların vəzifəyə gətirilməsi maraqlı gedişdir. Onu da nəzərə alaq ki, parlamentdən icra hakimiyyətinə gətirilən şəxslərin heç birinin adı korrupsiyada hallanmır, xalqla təmaslarda problemli deyillər, üstəlik də beynəlxalq təcrübəyə və yüksək təhsilə malikdirlər. Bir də diqqət çəkən odur ki, bəzi dövlət qurumlarının rəhbərliyinə əvvəllər daha aşağı vəzifə tutmuş, amma bioqrafiyası zəngin olan, qalmaqallardan uzaq şəxslər cəlb edilib.

Baş nazirə gəlincə isə, o da qeyd edilən keyfiyyətlərə sahibdir. Üstəlik, dövlətçilik təcrübəsi genişdir, Azərbaycanı həm də beynəlxalq səviyyədə təmsil etməyə imkanları çatan birisidir. Düzdür, keçmiş baş nazir Artur Rəsizadə haqqında da xoş sözlər demək olar. Amma Novruz Məmmədov hazırda bu vəzifə üçün daha uyğun şəxsdir və Prezident də məhz bunu nəzərə alıb.

Bir də vəzifəsini qoruyan nazir və komitə sədrləri var. Onların heç də hamısı haqqında mənfi fikirlər söyləmək olmaz. Demək olar ki, böyük çoxluğu əvvəlki dönəmdə xalqla təmaslardan qaçmayan, əksinə, ümumi ictimai rəyə müsbət impulslar ötürən şəxslər olub. O baxımdan onların vəzifədə saxlanılması başadüşüləndir və faydalıdır. Lakin həmin nazir və komitə sədrlərinin işi indi daha məsuliyyətli olacaq. Çünki yeni kadrların bioqrafiyalarının zəngin və şəffaf olması həm də əvvəlki nazir və komitə sədrlərinin özlərini məhz yenilərlə ayaqlaşmağa məcbur etməsinə zərurət yaradır. Bu zərurəti uyğun şəkildə dəyərləndirməyənlərin lap elə altı ay içində vəzifədən uzaqlaşdırılmasını gözləmək olar. Yəni Prezidentin kadr islahatı hələ bitmiş sayılmaz.

Bir də yerli icra hakimiyyətləri var sırada. Özəlliklə də xalqı hər addımıyla – davranışıyla narazı salanlar. İşi-gücü kəndlinin torpağını satmaq olan, başçılıq etdikləri rayonları çapıb-talayan başçılardan da qurtulmaq lazımdır. Bunların təfəkkürü də bəzən o qədər qısır olur ki, ən adi vəziyyətdə belə hakimiyyətə ciddi zərbə vururlar. Ona görə də rayonlara torpaq, obyekt satmaqdan uzaq, yeni dünya qaydalarını mənimsəmiş başçıların təyin edilməsi ümumi islahat proqramı üçün faydalı olardı.

Rayonlardan söz düşmüşkən, kənd təsərrüfatı naziri vəzifəsinə ASAN xidmətdəki yüksək uğurlarıyla özünü təsdiq etmiş İnam Kərimovun gətirilməsi lap yerinə düşür. Çünki Azərbaycan alternativ sahələrin inkişafına üstünlük verdiyi, özəlliklə də kənd təsərrüfatını dirçəltməyi hədəflədiyi bir dönəmdə məhz belə bir kadrın bu sahənin başına gətirilməsi ən doğru qərardır. İnam Kərimov işlədiyi müddətdə özünü ən yüksək səviyyədə doğruldub, ona həvalə edilən sahəni dünya səviyyəsində təsdiq etdirə bilib, vətəndaş məmnunluğunda qüsura yol verməyib. Belə bir şəxsin problemlərdən əziyyət çəkən kəndliyə həyan durması işin xeyrinə olacaq.

Ümumiyyətlə isə vətəndaş bu tərkibin daha çevik olacağına ümid edə bilər. Qeyd etdiyimiz kimi, yeni dövrün tələblərinə uyğun kadrların önə çəkilməsi öz sözünü ən qısa müddətdə deməlidir və deyəcək də.

Bizəsə o qalır ki, bir müddət gözləyək, yeni tərkibin çevik fəaliyyəti nəticəsində baş tutacaq uğurlara sevinək.

Bu arada bir sual da çıxır ortaya: parlamentdə boşalan yerlərin məsələsi necə olacaq? Yəqin, çox yaxında bu suala da aydınlıq gətiriləcək.

Sözardı: Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla bağlı üzüntümü də dilə gətirmək istərdim. Çünki son zamanlar onun Avropada təşkil etdiyi iki ayrı tədbirdə iştirakçı olub ciddi uğurlarına şahidlik edə bilmişdim. Bu baxımdan vəzifəsini davam etdirəcəyini düşünürdüm. Amma olmadı. Hər halda, cənab Prezident ən doğrusunu bilir və qərarlarını şübhə altına almaq bizə düşməz. İstənilən halda yenilərə uğurlar arzu edir, sabiqlərin də dövlətə xidməti davam etdirməsini diləyirik.

COP29

www.yenicag.az

1759
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv