Kanadanın Baş naziri: “Trampın ərazi ambisiyaları puç oldu”
Kanada baş naziri Mark Karni ABŞ prezidenti Donald Trampın Birləşmiş Ştatların ərazisini genişləndirmək yönündə iddialı planlarının uğursuz olacağını bildirib.
Yenicag.az xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Aprelin 30-u axşam verdiyi açıqlamada Karni Trampın “ərazi ambisiyalarının” olduğunu deyib:
“Amma bu, Kanada ilə bağlı heç vaxt baş verməyəcək. Açığı, düşünmürəm ki, bu, Panamada, Qrenlandiyada və ya hər hansı başqa bir ölkədə də reallaşa bilər”.
Karni rəhbərlik etdiyi Liberal Partiyanın son seçkilərdə ən çox mandat qazandığını bildirib və bunu ABŞ-ın Kanadaya qarşı tətbiq etdiyi tariflər və Trampın “Kanada ABŞ-nin 51-ci ştatı ola bilər” fikrinə Kanadada yaranan kəskin ictimai narazılıqla əlaqələndirib.
Baş nazir onu da qeyd edib ki, Trampın “istədikləri” ilə “reallıqda gözləntiləri” arasında fərq olduğunu anlayır və bu fərqi nəzərə alaraq Vaşinqtonla yeni iqtisadi və təhlükəsizlik paketi üzrə danışıqlara hazırlaşır.
Xatırladaq ki, D. Tramp yenidən ABŞ prezidenti seçildikdən sonra bir neçə dəfə Kanadanın ABŞ-ın “51-ci ştatı” ola biləcəyi barədə fikirlər səsləndirib ki, bu da Kanadada ciddi narazılıqla qarşılanıb. Karni isə seçkilərdə qələbədən sonra Trampla danışıqlarda sərt mövqe tutacağını bildirib. Aprelin 30-da Tramp Kanadanın Baş nazirinin bu və gələn həftə ABŞ-a səfər edəcəyini açıqlayıb.