Kasetli bombalar, mina terroru və beynəlxalq SƏSSİZLİK – Azərbaycanın hüquqi mübarizəsi DAVAM EDİR

media-hightechnic-468x90

 Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin payızında 44 gün davam edən “Vətən Müharibəsi” Azərbaycan xalqının tarixində şərəf və qürur mənbəyinə çevrilib.

Tarixi ədalətin və ərazi bütövlüyümüzün bərpası ilə nəticələnən bu qələbə, eyni zamanda, Ermənistanın onilliklər boyunca həyata keçirdiyi işğal siyasətinə və müharibə cinayətlərinə qarşı beynəlxalq hüququn və tarixi reallıqların bərpası idi. Vətən Müharibəsi təkcə döyüş meydanında deyil, informasiya cəbhəsində də Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm mərhələ oldu. Bu möhtəşəm Zəfərin fonunda Ermənistan silahlı qüvvələrinin müharibə dövründə və öncəsində dinc əhaliyə qarşı törətdiyi sülh və insanlıq əleyhinə cinayətlər, həmçinin müharibə cinayətləri bir daha bəşəriyyətin diqqətinə təqdim edilməli, beynəlxalq hüquq müstəvisində qiymətini almalıdır. Bu baxımdan, Azərbaycan həm diplomatik sahədə, həm də informasiya platformalarında mübarizəsini davam etdirir. Məqsəd isə yalnız keçmişin cinayətlərini ifşa etmək deyil, həm də gələcəkdə belə faciələrin təkrarlanmaması üçün beynəlxalq ictimaiyyəti məlumatlandırmaqdır.

Yenicag.az-la söhbətində hərbi ekspert Ramil Məmmədli söyləyib ki, Ermənistan həm 90-cı illərdə Qarabağ müharibəsi zamanı, həm də 44 günlük Vətən müharibəsi dövründə müharibə qaydalarına, humanizm prinsiplərinə riayət etmədən böyük cinayətlər həyata keçirib:

“80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Ermənistanın törətdiyi hərbi cinayət faktları ilə bağlı – Xocalı, Malıbəyli, Kərkicahan, Quşçular, Qaradağlı və sair bu kimi faciələr haqqında ətraflı danışmaq istəmirəm. Amma 44 günlük müharibə dövründə Ermənistan mümkün imkanlardan maksimum istifadə etməklə Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərini həyata keçirməyə başladı”.

Onun sözlərinə görə, biz mülki əhalinin yaşadığı yaşayış məntəqələri – Gəncə, Bərdə, Tərtər, Ağcabədi, Füzuli istiqamətlərində Ermənistan ordusunun istifadə etdiyi silahlar haqqında məlumat verməli və bunların qadağan olunduğunu bildirməliyik:

“Ermənistan 44 günlük müharibə dövründə kasetli və kimyəvi tərkibli bombalardan istifadə etməklə mülki əhalinin yaşadığı qəsəbələrə raket zərbələri endirirdi. Həm Bərdə, həm Gəncə, həm Tərtərdə biz bu hadisələrin şahidi olduq. Ermənistan müharibə dövründə qadağan olunmuş piyadalar əleyhinə minalardan istifadə etdi.44 günlük Vətən müharibəsindən dərhal sonra isə məhz bu piyada əleyhinə qadağan olunmuş minaları yenə də yeni təmas xətti istiqamətində basdırmağa başladı. Yəni Ermənistan bunlardan mülki insanlara və hərbçilərə qarşı istifadə etməyə çalışdı və qismən də buna nail oldu”.

R. Məmmədli hesab edir ki, Ermənistanın müharibə dövründə etdiyi hərbi cinayətlərlə bağlı beynəlxalq təşkilatların mövqeyi olduqca anlaşılmazdır və bu təşkilatlar məsələyə konkret münasibət bildirmədilər:

“Baxmayaraq ki, Azərbaycan dövləti elə müharibənin getdiyi dövrdə və ondan sonra mülki əhaliyə qarşı edilən cinayətlərlə bağlı onları yerində məlumatlandırdı və səfərlər təşkil olundu. Həm Gəncədə, həm Bərdədə, həm Tərtərdə əraziyə baxış keçirildi, hadisə yeri ilə tanış oldular. Lakin konkret beynəlxalq təşkilatların Ermənistana yönələn hər hansı bir addımı olmadı. Hesab edirəm ki, Ermənistan kasetli bombalardan istifadə etməsi və mülki əhaliyə qarşı raket zərbələri endirməsinə görə cavab verməlidir. Ermənistanın həmin dövrdəki hərbi strukturuna rəhbərlik edən şəxslər və siyasi hakimiyyəti ilə bağlı cinayət işi qaldırılmalı, beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verməli, beynəlxalq məhkəmə instansiyaları buna münasibət bildirməlidirlər”. “Çox təəssüf ki, biz bunun şahidi olmadıq. Azərbaycan bu istiqamətdə aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, sanki Ermənistanı mühafizə və müdafiə etmək üçün prosesdən maksimum şəkildə yayınmağa çalışırlar. Lakin buna baxmayaraq, hesab edirəm ki, müəyyən dövrdən sonra Azərbaycan bu məsələ ilə bağlı daha qətiyyətli mövqe nümayiş etdirəcək və dünyanın böyük ölkələri ilə beynəlxalq təşkilatlar bu məsələyə reaksiya verəcəklər. Bir sözlə, Ermənistan müharibə dövründə kasetli bombalardan istifadə etməklə sözün əsl mənasında böyük soyqırım faktları həyata keçirib. Mülki insanların evlərinə, özlərinə qarşı cinayətlər törədilib”, – deyə müsahibimiz vurğulayıb.

Politoloq Zeynal Əmrəliyev isə düşünür ki, 44 günlük müharibə ərzində Azərbaycan hərbi yöndə fəaliyyətindən başqa, diplomatik müstəvidə də çox uğurlu şəkildə fəaliyyət göstərdi:

“Təbii ki, bu diplomatik siyasətin başında duran cənab Prezident İlham Əliyev idi və Azərbaycan diplomatiyası bu müddət ərzində çox möhtəşəm şəkildə, eyni zamanda, düşməni masada da məğlub etmək istiqamətində addımlar atdı. Azərbaycanın bu dövrdəki diplomatik siyasəti, yəni diplomatik müstəvidəki fəaliyyəti iki cür – həm müharibə, həm də postmüharibə dövründəki fəaliyyəti ilə bağlı fərqləndirilə bilər. Təkcə müharibə dövründə yox, postmüharibə dövründə də Azərbaycan uğurlu şəkildə fəaliyyət göstərdi. Ermənistanın diplomatik müstəvidə məğlub edilməsi istiqamətində və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində addımlar atılır. Bu işdə də öndə möhtərəm cənab Prezident gedir”.

Analitik əmindir ki, Azərbaycan hazırda da bu uğurlu siyasəti davam etdirir və müxtəlif platformalarda Ermənistanın cinayətlərinin ifşa edilməsi, habelə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində addımlar atılır: “Bu, təbii ki, yalnız Azərbaycan dövlətinin deyil, hər bir vətəndaşın da borcudur ki, bu prosesdə yaxından iştirak etsin.

Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərə görə təzminat ödəməsi vacibdir, çünki həmin cinayətlər kifayət qədər böyük bir arealı əhatə edir. Buna görə Ermənistan tərəfi məsuliyyət daşıyır və təzminat ödəməlidir. Bu məsələ yalnız hüquqi deyil, həm də mənəvi tərəfdən əhəmiyyətlidir və Ermənistan Azərbaycanda törətdiyi cinayətlərə görə rəsmi səviyyədə üzr istəməlidir”.

media-medialogo-3

 

Məsimə Məmmədova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması” mövzusu üzrə dərc olunub.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600