Kəlbəcərə ilk köç və yeni həyatın BAŞLANĞICI: “Böyük Qayıdış” – torpağa deyil, kökümüzə, mənəviyyatımıza dönüşdür”

media-hightechnic-468x90

Avqustun 21-də Kəlbəcər şəhərinə ilk köçün baş tutması Azərbaycanın “Böyük Qayıdış” prosesində növbəti strateji mərhələyə qədəm qoyduğunu göstərdi. Bu mühüm hadisə dövlətimizin gücünün, Prezident İlham Əliyevin siyasi iradəsinin və işğaldan azad olunmuş ərazilərdə qısa müddətdə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin real nəticəsidir.

Kəlbəcərin məhz şəhər mərkəzinə ilk sakinlərin qayıdışı təkcə fiziki qayıdış deyil, həm də mənəvi və milli dirçəlişin simvoludur. Bu addım bir tərəfdən həmin bölgələrin dayanıqlı inkişaf modelinə keçidini nümayiş etdirir, digər tərəfdən, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən dövlət siyasətinin səmərəli və planlı şəkildə icra olunduğunu sübut edir.

Son illər ərzində Şuşa, Füzuli, Laçın, Xocalı, Zəngilan və digər rayonlara əhalinin mərhələli şəkildə köçürülməsi, infrastruktur layihələrinin uğurla tamamlanması və sosial-məişət şəraitinin təmin olunması “Böyük Qayıdış” proqramının real nəticələr verdiyini göstərir. Kəlbəcərə baş tutan ilk köç isə bu prosesin yeni mərhələyə qədəm qoyduğunun, azad edilmiş torpaqlarda həyatın bərpa olunduğunun və gələcək inkişafın möhkəm təməllərlə qurulduğunun bariz nümunəsidir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, “Böyük Qayıdış” proqramı çərçivəsində növbəti mühüm mərhələyə qədəm qoyulub.

media-hikmetbabaoglu1

Deputatın sözlərinə görə, Zəngilandan başlayan və bütövlükdə Qarabağı əhatə edən bu tarixi proses artıq Qərbi Zəngəzurun ən ucqar nöqtəsi olan Kəlbəcərə qədər uzanıb.

Millət vəkili vurğulayıb ki, bu, dövlətin ilkin proqramının uğurla və sürətlə başa çatmaq üzrə olduğunu göstərir. Onun sözlərinə görə, Kəlbəcər təkcə coğrafi və strateji baxımdan deyil, həm də xalqın poetik, musiqi və mədəni yaddaşında xüsusi yerə malik bölgədir:

“Ona görə də biz “Böyük Qayıdışı” yalnız fiziki baxımdan – torpaqlara qayıdış kimi yox, həm də mənəvi baxımdan özünə dönüş kimi qiymətləndirməliyik. Bu, xalqımızın öz kökünə, ruhuna, mentalitetinə dönüşüdür”.

Deputat əlavə edib ki, Kəlbəcərdə evlərin açarlarının təqdimatı zamanı Prezident İlham Əliyevin yeni doğulan nəslin artıq kəlbəcərli kimi dünyaya gəldiyini vurğulaması bu prosesin demoqrafik və sosial əhəmiyyətini göstərir:

“Əgər bir zamanlar doğum şəhadətnamələrində “Kəlbəcərdə doğulub” yazısı yoxa çıxmaq üzrə idisə, bu gün biz bunun bərpasına şahidlik edirik. Bu, təkcə qayıdış deyil, yeni bir həyatın başlanğıcıdır”.

H. Babaoğlu onu da bəyan edib ki, “Böyük Qayıdış” proqramının birinci mərhələsində əsas diqqət yolların, enerji təminatının və digər mühüm infrastrukturun yaradılmasına yönəlib:

“Bu çərçivədə Zəfər yolu, tunellər, körpülər və müxtəlif kommunikasiya xətləri istismara verilib. Kəlbəcərdən Murov dağının altından keçəcək tunellər vasitəsilə Gəncəbasarla birbaşa əlaqə yaradılacaq. Bu isə Şərqi Zəngəzur, Qarabağ və Qərbi Zəngəzurun iqtisadi birliyini təmin edəcək”.

Millət vəkili əlavə edib ki, 2026-cı ildə başa çatacaq birinci dövlət proqramından sonra yeni mərhələyə – iqtisadi və mədəni intibah mərhələsinə keçid gözlənilir:

“İkinci mərhələdə artıq yalnız köç deyil, eyni zamanda iqtisadi dirçəliş, iş yerlərinin açılması və Azərbaycan iqtisadiyyatına torpaqların qaytarılması prosesi baş verəcək. Bu dönüş yalnız torpaqlara deyil, həm də kimliyimizə, tarixi yaddaşımıza, milli ruhumuza olan dönüşdür”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova isə Yenicag.az-la söhbətində söyləyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına növbəti dəfə səfər etməsi mühüm əhəmiyyət daşıyır:

media-whatsapp-gorsel-2025-08-25-saat-13-49-48_e2016b58

“Ölkə başçımızın və birinci xanımın bu ərazilərə mütəmadi səfərləri Azərbaycanın Böyük Qayıdış Proqramının növbəti uğurlu mərhələsi olmaqla yanaşı, dövlətimizin azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və quruculuq işlərinə verdiyi yüksək önəmin bariz nümunəsidir”.

Onun sözlərinə görə, Azərbaycanın dövlət başçısının və birinci xanımın bu bölgələrə səfərləri böyük önəm daşıyır:

“Onlar hər səfərdə şəxsən görülmüş işlərlə yerindəcə ətraflı tanış olur, işlərin keyfiyyətinə və sürətinə nəzarət edir, yerlərdə yaranan problemlərin həlli üçün müvafiq tapşırıqlar verirlər. Bu, dövlətin azad edilmiş ərazilərdə həyatın bərpasına, insanların orada yaşaması üçün ən yaxşı şəraitin yaradılmasına nə qədər önəm verdiyinin göstəricisidir”.

S. Salmanova xatırladıb ki, 1992-1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü:

“Bu səriştəsiz siyasətin davamı olaraq, 1993-cü ilin aprelində Kəlbəcər rayonu işğala məruz qaldı. Kəlbəcərin itirilməsi Azərbaycan üçün təkcə hərbi yox, həm də mənəvi və strateji məğlubiyyət idi. Minlərlə sakin öz evindən didərgin düşdü, kəndlər yandırıldı, tarixi abidələr məhv edildi. Lakin o dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdu. 1993-cü ildə xalqın təkidi və tələbi ilə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. O, ölkədə sabitliyin bərpasını təmin etdi, milli birliyi möhkəmləndirdi və dövlətçilik prinsiplərini bərpa etdi. Ümummilli Liderin qətiyyətli siyasəti sayəsində Azərbaycanın müstəqilliyi qorundu, iqtisadi inkişaf üçün zəmin yaradıldı, eyni zamanda işğal altındakı torpaqlarımızın geri qaytarılması istiqamətində strategiyalar hazırlandı. Prezident İlham Əliyevin hakimiyyəti dövründə isə Azərbaycanın müdafiə sənayesi gücləndirildi, ordu quruculuğuna xüsusi diqqət göstərildi, diplomatik fəaliyyət genişləndirildi və ölkəmizin beynəlxalq nüfuzu artırıldı. Bu siyasət nəticəsində Azərbaycan öz gücünə arxalanaraq haqq savaşı apardı və tarixi Zəfər əldə etdi”.

Deputat bildirib ki, Kəlbəcər rayonu Azərbaycanın ən zəngin təbii sərvətlərinə, mineral ehtiyatlarına malik bölgələrdən biridir:

“Uzun illər erməni işğalı altında qalmış bu rayon böyük dağıntılara məruz qalmış, burada yaşayış məntəqələrinin və infrastrukturların çoxu tamamilə məhv edilmişdi.  Hazırda rayonda Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə bərpa-quruculuq işləri həyata keçirilir. Yolların çəkilməsi, elektrik stansiyalarının istifadəyə verilməsi, su təchizatı sistemlərinin qurulması və digər infrastruktur layihələri bölgənin iqtisadi inkişafına zəmin yaradır. Dövlətimizin başçısının və birinci xanımın bu səfəri zamanı da açılışı həyata keçirilən obyektlər həm yerli sakinlər üçün, həm də regionun ümumi inkişafı üçün böyük əhəmiyyət daşıyır”.

Parlamentari söyləyib ki, Ağdərə rayonu isə strateji əhəmiyyətə malik bölgədir:

“Burada həyata keçirilən tikinti və yenidənqurma işləri Azərbaycan dövlətinin ərazi bütövlüyünün təminatında və bölgədə təhlükəsizliyin möhkəmləndirilməsində mühüm rol oynayır. Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın azad edilmiş ərazilərimizə mütəmadi səfərləri təkcə infrastrukturun yenidən qurulması deyil, həm də Azərbaycan dövlətinin öz torpaqlarına və xalqına olan bağlılığının, onların rifahı naminə aparılan davamlı işlərin nümayişidir. Hər dəfə dövlətimizin başçısı və birinci xanım yerli sakinlərlə görüşərək onların qayğıları ilə maraqlanır, problemlərinin həlli üçün konkret addımlar atırlar. Bu, vətəndaş-dövlət münasibətlərində etimad və birlik simvoludur. Böyük Qayıdış Proqramı çərçivəsində aparılan bu işlər eyni zamanda Azərbaycanın öz tarixini, milli yaddaşını qoruyub saxlamasının göstəricisidir”.

S.Salmanova onu da vurğulayıb ki, hazırda Azərbaycanın digər azad edilmiş ərazilərində də bərpa və yenidənqurma işləri sürətlə davam etdirlir:

“Dövlət başçısının nəzarəti və dəstəyi ilə aparılan bu işlər təkcə fiziki infrastrukturu deyil, həm də sosial və iqtisadi həyatın yenidən qurulmasını hədəfləyir. Yeni məktəblər, xəstəxanalar, mədəniyyət evləri, yol infrastrukturu və kommunikasiya sistemləri inşa olunur. Eyni zamanda kənd təsərrüfatı və digər sahələrdə potensialın artırılması üçün proqramlar həyata keçirilir ki, bu da bölgənin davamlı inkişafını təmin edir. Azad edilmiş torpaqlarda aparılan bu quruculuq işləri xalqımızın birliyinin, dövlətimizin gücünün və qətiyyətinin parlaq təzahürüdür. Prezident İlham Əliyev dəfələrlə qeyd edir ki, Azərbaycanın qarşısında duran əsas vəzifə vətəndaşların rahat yaşayışı üçün hərtərəfli şərait yaratmaqdır. Bu məqsədlə dövlət bütün imkanlarını səfərbər edir, regionların sosial-iqtisadi inkişafı üçün böyük sərmayələr yatırır. Hesab edirəm ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın avqustun 21-də Kəlbəcər və Ağdərə rayonlarına səfəri Azərbaycanın Böyük Qayıdış Proqramının uğurla davam etdiyini göstərir və gələcəkdə azad edilmiş bütün ərazilərdə yeni həyatın, firavanlığın və inkişafın təmin olunacağına dair inamı daha da gücləndirir”.

Yeri gəlmişkən, Kəlbəcərə ilk köç edənlər arasında Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyevanın ailə üzvləri də yer alıb. Onun atası, Kəlbəcər sakini Cəlil Alıyev Yenicag.az-a açıqlamasında baş verənləri böyük həyəcanla dəyərləndirib:

media-betterimage-ai_1737185792218

“Məcburi köçkün olduğum zaman 28 yaşım var idi, indi isə artıq 60 yaşım var. Bu illər ərzində çox çətinliklərdən keçmişik, amma bu günləri görmək bizim üçün böyük bir şükürdür. Dövlətimizə və dövlət başçımıza dərin təşəkkürlərimi bildirirəm. Bizə yeni evlə təmin edildik, bu, böyük bir mərhələdir və həyatımıza yeni bir ümid gətirdi. Bu əməliyyatları həyata keçirən hər kəsə və xüsusilə dövlət başçımıza təşəkkür edirik. Şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə isə can sağlığı arzulayıram. Onların sayəsində biz artıq doğma torpaqlarımıza geri dönə bilirik”.

Cəlil Alıyev həmçinin qeyd edib ki, bu günlərə çatmaq ölkənin güclü siyasi iradəsi və qalib ordusunun fədakarlığı sayəsində mümkün olub:

“Cənab Prezidentin rəhbərliyi altında ordumuzun döyüş ruhu, gücü və əzmindən ilham alaraq, bu möcüzələr baş verdi. Dövlətin dəstəyilə bir çox imkansız kimi görünən şeylər gerçəkləşdi. İnşallah, gələcəkdə daha yaxşı olacaq”.

Sonda o, qürurla vurğulayıb:

“Bu ev Höküməyə aiddir”.

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “İşğaldan azad olunmuş ərazilərə “Böyük Qayıdış” mövzusu üzrə dərc olunub.

Məsimə Məmmədova

media-medialogo

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa