Kənd və şəhər arasında kommunal bərabərsizliyi: "Limitlər ləğv edilməli, qiymətlər şəraitə görə dəyişməlidir"

media-hightechnic-468x90

Azərbaycanda şəhər və kənd yerlərində yaşayan əhalinin kommunal xidmətlərə görə ödədiyi vəsaitin fərqli olması məsələsi yenidən gündəmə gəlib.

Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında deputat Eldar İbrahimov bu barədə çıxış edərək, kənd yerlərində kommunal tariflərin daha aşağı olmasının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, kənd əhalisinin şəhər sakinləri ilə eyni məbləğdə kommunal ödəniş etməsi regionlardan şəhərlərə miqrasiyanı sürətləndirən əsas səbəblərdən biridir.

Mövzu ilə bağlı Yenicag.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli bildirib ki, kommunal xidmətlərdə diferensial tariflərin tətbiqi illərdir müzakirə olunsa da, hələlik bu istiqamətdə konkret qərar qəbul edilməyib:

media-img_2920

“Bu təklif uzun illərdir səsləndirilir. Rayon və kənd yerlərində kommunal xidmətlərin daha ucuz olması, tariflərin diferensial şəkildə müəyyənləşdirilməsi məsələsi gündəmdədir. Amma hələ ki, bununla bağlı hər hansı rəsmi qərar verilməyib”.

Natiq Cəfərlinin sözlərinə görə, regionlardan Bakıya və Abşeron yarımadasına köçün əsas səbəblərindən biri də kommunal xərclərin yüksək olmasıdır:

“Rayon və kənd yerlərində evlər adətən daha böyük olur. Onların qızdırılması, elektrik və qazla təminatı daha çox xərc tələb edir. Xüsusilə qış aylarında kommunal ödənişlər çox yüksək məbləğə çatır. Nəticədə vətəndaş xərcləri azaltmaq üçün Bakıda bir otaqlı ev kirayələyib, burada yaşamağa və işləməyə üstünlük verir”.

İqtisadçı bildirib ki, bu problem təkcə kəndlərə aid deyil, Bakı və ətraf ərazilərdə də böyük fərdi evlərin kommunal xərcləri kifayət qədər yüksəkdir:

“Ümumilikdə Azərbaycanda kommunal xidmətlərə diferensial yanaşma çoxdan tətbiq olunmalı idi. İlk növbədə isə mövcud limitlər ləğv edilməlidir. Neft-qaz ölkəsi olan, elektrik enerjisini özü istehsal edən və hətta ixrac edən bir ölkədə əhali üçün bu cür limitlərin tətbiqi doğru yanaşma deyil”.

Natiq Cəfərli əlavə edib ki, bu məsələ dəfələrlə gündəmə gətirilsə də, hələlik icra mexanizmi formalaşmayıb:

“Bu, birbaşa Nazirlər Kabinetinin qərarından asılıdır. Çünki kommunal xidmətlərdə limitlərin tətbiqi məhz Nazirlər Kabinetinin qərarı ilə müəyyən edilib”.

Samir Məcidov

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 26.01.2026

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa