Kiber-təhdidlərdən hibrid müharibələrə: “Onlar təkcə cinayətkarlıqla mübarizə aparmır..."
“Xarici kəşfiyyat cəhdlərinin ifşası, dövlət sirrlərinin və strateji obyektlərin qorunması milli təhlükəsizliyin möhkəmliyini göstərir”.
Bunu Yenicag.az-a açıqlamasında İnsan Alverinə Qarşı Mübarizə Təşkilatının sədri Ramiz Alıyev deyib.

O, dövlətin dayanıqlılığı və milli təhlükəsizliyin təminatında hüquq-mühafizə orqanlarının strateji rolu barədə fikirlərini səsləndirib.
R.Alıyev bildirib ki, müasir dövrdə dövlətlərin möhkəmliyi, ictimai-siyasi sabitliyi və vətəndaşların rifah şəraitində yaşaması birbaşa olaraq milli təhlükəsizlik sisteminin effektivliyi ilə şərtlənir:
“Beynəlxalq təcrübə göstərir ki, daxili sabitliyi qoruya bilməyən dövlətlər xarici təhdidlərə də davam gətirmir. ABŞ, Almaniya, Fransa, Böyük Britaniya və İsrail kimi ölkələrdə hüquq-mühafizə və xüsusi xidmət orqanları dövlət suverenliyinin və konstitusiya quruluşunun əsas təminatçısıdır. Bu qurumlar təkcə cinayətkarlıqla deyil, həm də ideoloji, informasiya və hibrid təhdidlərlə mübarizə aparır.
Azərbaycan həm xarici təhdidlərə, həm də daxili risklərə məruz qalan ölkədir. Geosiyasi mövqeyi, enerji resursları və müstəqil siyasəti ölkəmizi müxtəlif maraqların hədəfinə çevirir. Bu şəraitdə hüquq-mühafizə və xüsusi xidmət orqanlarının peşəkarlığı və dövlətə sədaqəti xüsusi əhəmiyyət daşıyır.
Azərbaycan polisi yalnız ictimai asayişi qoruyan qurum deyil, milli təhlükəsizliyin daxili sütunlarından biridir. Son illər aparılan islahatlar, kadr hazırlığı və texnoloji təminat polisin peşəkarlığını artırıb. Qanunsuz aksiyaların, iğtişaşların və mümkün çevriliş cəhdlərinin vaxtında qarşısının alınması preventiv təhlükəsizlik yanaşmasının nəticəsidir.
Bu səbəbdən Azərbaycan regionun ən təhlükəsiz ölkələrindən biri hesab olunur. Vətəndaşlar və turistlər günün istənilən saatında sərbəst hərəkət edə bilir.
Milli təhlükəsizlik sistemində Dövlət Təhlükəsizlik Xidməti xüsusi rol oynayır. Müasir təhdidlər informasiya müharibəsi, ideoloji təsir və kibermüdaxilələrlə xarakterizə olunur. Xarici kəşfiyyat cəhdlərinin ifşası, dövlət sirrlərinin və strateji obyektlərin qorunması milli təhlükəsizliyin möhkəmliyini göstərir.
Xarici Kəşfiyyat Xidməti beynəlxalq risklərin vaxtında müəyyən edilməsini və dövlət rəhbərliyinin dəqiq informasiya ilə təmin olunmasını həyata keçirir. Bu, milli maraqların qorunmasına və xarici təhdidlərin qabaqlanmasına xidmət edir.
Müasir dövrdə cinayətkarlığın forması dəyişib. Kiber cinayətlər, narkotik dövriyyəsi, insan alveri və transmilli cinayətkarlıq əsas təhlükələrdəndir. Azərbaycan hüquq-mühafizə orqanları bu çağırışlara cavab verən institusional potensiala malikdir. Xüsusilə kiber cinayətkarlıqla mübarizə sahəsində ixtisaslaşmış bölmələrin fəaliyyəti önəmlidir.
Prokurorluq orqanları qanunun aliliyini və hüquqi nəzarəti təmin edir. Terrorçuluq, ekstremizm, korrupsiya və mütəşəkkil cinayətkarlıqla bağlı işlərdə prokurorluğun prinsipial mövqeyi milli təhlükəsizliyin hüquqi əsaslarını gücləndirir.
Narkotiklərin qanunsuz dövriyyəsi və insan alverinə qarşı aparılan mübarizə Azərbaycanın beynəlxalq öhdəliklərə sadiqliyini nümayiş etdirir.
Hüquq-mühafizə orqanlarının əsas fərqləndirici cəhəti dövlətə bağlılıq və vətənpərvərlikdir. Xidməti borcunu yerinə yetirərkən həyatını riskə atan əməkdaşlar bu sistemin mənəvi əsaslarını formalaşdırır.
Bu sahədə güclü siyasi iradə mövcuddur. Prezident İlham Əliyevin hüquq-mühafizə orqanlarına göstərdiyi diqqət onların milli təhlükəsizlik strategiyasında prioritet olduğunu təsdiqləyir. Maddi-texniki baza gücləndirilib, sosial rifah tədbirləri genişləndirilib.
Xidməti mənzillər, maaş artımı, sosial təminat və şəhid ailələrinə diqqət hüquq-mühafizə əməkdaşlarının dövlət tərəfindən yüksək qiymətləndirildiyini göstərir.
Bir sözlə, polis, Dövlət Təhlükəsizlik Xidməti, Xarici Kəşfiyyat Xidməti və Prokurorluq vahid milli təhlükəsizlik sisteminin əsas sütunlarıdır. Bu qurumların koordinasiyalı fəaliyyəti dövlətçiliyin qorunmasına və Azərbaycanın təhlükəsiz gələcəyinə xidmət edir”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












