Kiberfırıldaqçıların yeni TƏLƏSİ: "Saxta çeklərə deyil, yalnız bank tətbiqinizə inanın"
“Kibertəhlükəsizlik məhz bu cür kiçik, amma vacib ehtiyat tədbirlərindən başlayır”.
Bunu Yenicag.az-a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib.
O, son günlər vətəndaşlar arasında çaşqınlıq yaradan saxta ödəniş çekləri ilə bağlı fikirlərini səsləndirib. Ekspert bildirib ki, sosial mediada satıcıları narahat edən saxta çek məsələsi əslində çox bəsit bir hiyləyə insanların vizual görüntüyə olan etibarına söykənir:
“Fırıldaqçılar xüsusi proqramlar və ya botlar vasitəsilə şrifti, rəngi və loqosu orijinaldan seçilməyən saxta köçürmə şəkilləri hazırlayırlar. Bu tələyə düşməmək üçün ən qızıl qayda qarşı tərəfin sizə göndərdiyi şəkilə (skrinşota) deyil, yalnız öz bank tətbiqinizə daxil olaraq “Tarixçə” bölməsində pulun gəlib-gəlmədiyini yoxlamaqdır. Əgər məbləğ balansınızda görünmürsə, çekdə nə yazılmasından asılı olmayaraq, o ödəniş baş tutmayıb deməkdir.
Vətəndaşlar və satıcılar üçün əsas məsləhətim odur ki, “sistemdə ləngimə var” və ya “pul yoldadır, bir azdan oturacaq” kimi bəhanələrə əsla güvənməsinlər. Müasir bank sistemlərində kartdan-karta köçürmələr saniyələr içində əks olunur. Həmçinin rəsmi çeklərin üzərindəki QR kodu skan edərək onun doğruluğunu yoxlaya bilərsiniz, lakin ən etibarlı təsdiq sizin öz mobil bank tətbiqinizdə gördüyünüz rəqəmdir.
Özünüzü qorumaq üçün pulu hesabınızda görmədən malı təhvil verməyin, çünki kibertəhlükəsizlik məhz bu cür kiçik, amma vacib ehtiyat tədbirlərindən başlayır”, – deyə o bildirib.
Nəsimi Ələsgərli












