Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunu çərçivəsində Kiprdə keçirilən AEL – “Qarabağ” matçının son dəqiqələrində gərgin anlar yaşanıb.
Yenicag.az xəbər verir ki, bu, Ağdam klubunun cavab qolundan sonra baş verib.
Belə ki, Abdulla Zubirin qolundan sonra azarkeşlərdən biri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat xarakterli hərəkətlər edib. Kiprli azarkeşin bu davranışı Qurban Qurbanovu özündən çıxardıb. Matçın baş hakimi qarşılaşmanı baş verən gərginlik səbəbindən dayandırıb.
Qarşılaşma qısa fasilədən sonra bərpa olunub.
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov baş verən insidentlə bağlı açıqlama verib.
Liprli azarkeşlərin təxribatçı hərəkətləri səbəbindən təxminən 10 dəqiqə dayandırılan matçda baş verən xoşagəlməz hadisəyə münasibət bildirən mütəxəssis UEFA-nın qərar verəcəyini deyib:
“İstəməzdik ki, oyunun sonunda belə hal yaşansın. Hadisə ilə bağlı hansı qərarın verilməsinə UEFA baxacaq. Bu, onların üzərinə düşür. Amma belə hal nə rəqibin futbolçuları, məşqçiləri, nə də bizim üçün xoş haldır”.
Q.Qurbanov qeyd edib ki, “Qarabağ”a qarşı belə təxribatlar dəfələrlə olub:
“Biz həmişə öz mədəniyyətimizi göstərmişik. Çünki Azərbaycanı təmsil edirik. Maksimum dərəcədə səbirli olmağa çalışırıq. Heç kimdən qorxmuruq, çəkinmirik. Sadəcə, idman prinsiplərinə uyğun özümüzü idarə etməyə çalışırıq, əxlaqımızı, mədəniyyətimizi qoruyuruq. Təbii ki, heç kim belə hadisənin yaşanmasını istəməz. Çünki nəticə heç də yaxşı olmur. UEFA nümayəndəsi sonda davranışımıza görə bizə təşəkkür elədi. Çünki azarkeşlərin həddən artıq aqressiv olduğunu o da görürdü. Həm futbolçuların üstünə yad əşyalar atdılar, birinin başına, birinin qoluna dəydi. Belə şeylər bizə təsir eləməz. UEFA nümayəndəsi də görürdü ki, futbolçularımızı sakitləşdirməyə çalışırdım. Sonda mən də özümü bir az aqressiv apardım. Bakıda yenə idman prinsiplərini qoruyub saxlamağa çalışacağıq. Çünki işimiz meydanda özümüzü doğru idarə etmək və uğurlu nəticə əldə etməkdir”.
Qeyd edək ki, oyunun 90+3-cü dəqiqəsində Abdullah Zubirin qolundan sonra yerli azarkeşlərin təxribatçı davranışları və təhqiramiz ifadələrə yol vermələri səbəbindən “Qarabağ”ın texniki zonası ilə gərginlik yaşanıb və görüş bir neçə dəqiqəlik dayandırılıb. Yenidən bərpa olunan matç 1:1 hesabı ilə bitib.
www.yenicag.az