“Bakı şəhərində normal şəraitə malik bağ evlərinin qiyməti təxminən 2 min manatdan başlayır”.
Bu sözləri kirayə bağ evlərinə olan tələbatın səviyyəsini dəyərləndirən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, bu il bölgələrdə yerləşən bağ evlərinə tələbat daha çoxdur:
“Əvvəllər yay mövsümündə daha çox bağ evlərini xarici ölkələrdə yaşayan azərbaycanlılar kirayə edirdi. Lakin hazırda ölkənin quru sərhədlərinin bağlı olması həmin şəxslərin ölkəyə gəlməsinə əngəl törədir. Bununla yanaşı, quru sərhədlərinə tətbiq olunan məhdudiyyət ölkə vətəndaşlarının xaricdə dincəlmək imkanlarını məhdudlaşdırır və bu, bağ evlərinə tələbatı artırır. Bağ evlərində kirayə evlərin qiymət artımı isə mövsümi xarakter daşıyır. Hazırda Bakı ətrafında dənizə yaxın, şəraitli villaların kirayə qiyməti elə həddədir ki, bu qiymətə bölgələrdəki hotellərdə dincəlmək daha sərfəlidir. Bakı şəhərində normal şəraitə malik bağ evlərinin qiyməti təxminən 2 min manatdan başlayır. Bu, orta statistik ailə büdcəsinə uyğun gəlmir.
Ümumilikdə, yerli əhali və bir qədər maddi imkanı yaxşı olan adamların əksəriyyəti bölgələri maraqlı hesab edirlər. Çünki Bakı şəhərində bağ evlərində böyük yaşıllıq ərazi və təmiz hava şəraiti yoxdur. Həmçinin dənizin böyük hissəsinin hasarlanması istirahətə yararlı çimərlik imkanını azaldır. Bölgələrə üz tutanların sayının çoxalması yerli turizmin inkişafına müsbət təsir edir. Qeyd edim ki, bölgələrdə bağ evlərinin kirayə qiyməti təxminən 40-50 manatdan başlayır. Elə bağ evləri var ki, burada qiymət bir gün üçün 300 manata qədər dəyişə bilər. Lakin çox böyük olmayan həyət evlərini daha ucuz qiymətə kirayə götürmək mümkündür. Adətən, sırf axşam yatmaq üçün evə ehtiyac duyan şəxslər ucuz və daha azşəraitli evlərə üstünlük verirlər”.
Gülşən Şərif
www.yenicag.az