“Kitab” cəmiyyəti 40 illiyini qeyd edib
Bakıdakı Miniatür Kitab Muzeyində Azərbaycan Respublikası “Kitab” Cəmiyyətinin 40 illik yubileyinə həsr edilmiş tədbir keçirilib.
Tədbiri Respublika “Kitab” Cəmiyyəti idarə heyətinin sədri, Miniatür Kitab Muzeyinin təsisçisi və yaradıcısı Zərifə Salahova açaraq rəhbərlik etdiyi qurumun keçdiyi tarixi inkişaf yolundan danışıb.
Bildirilib ki, hazırda Miniatür Kitab Muzeyinin kolleksiyasında 7 mindən çox kitab var. Onların 5 mindən çoxu dünyanın 60 ölkəsində nəşr edilib. İçərişəhəri ziyarət edən bir çox xarici ölkə rəsmiləri Miniatür Kitab Muzeyində olublar. Həmçinin dünyanın başqa ölkələrində fəaliyyət göstərən kitab cəmiyyətləri ilə sıx əməkdaşlıq davam edir. Dekabrın 8-də Miniatür Kitab Muzeyində keçiriləcək Venesuelanın mərhum prezidenti Uqo Çavesin kitabının təqdimatı da buna misal ola bilər.
“Kitab” Cəmiyyəti ulu öndər Heydər Əliyev ilə bağlı 37 miniatür kitab çap edib. Müxtəlif ölçülərdə buraxılan kitabların hamısı Heydər Əliyev Fondunda və Bakıdakı Miniatür Kitab Muzeyində nümayiş etdirilir. Təkrarsız sənət inciləri kimi yaradılan bu kitablar “İndiqo” nəşriyyatında çap olunub.
Sonra yubiley münasibətilə Respublika “Kitab” Cəmiyyətinin işinə töhfələr verən, kitabın fəal təbliğatçısına çevrilmiş bir sıra tanınmış qələm adamlarına, rəssam və diplomatlara, media təmsilçilərinə fəxri fərmanlar təqdim olunub.
Tədbirdə Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç ölkəsinin Mədəniyyət Nazirliyi adından Respublika “Kitab” Cəmiyyətinin idarə heyətinin sədri Zərifə Salahovaya fəxri fərman təqdim edib.
(az.salamnews.org)